Bazar ertəsi
May 11

Türkiyə təyyarəsi Nepalda alovlandı, beynəlxalq uçuşlar təxirə salındı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

İstanbuldan Nepalın paytaxtı Katmanduya yollanan Türkiyə Hava Yollarına (THY) məxsus sərnişin təyyarəsində eniş zamanı yanğın baş verib.

King.Az xəbər verir ki, bu barədə "Nepal News" məlumat yayıb.

Məlumata görə, eniş zamanı laynerin şassiləri alovlanıb.

Hava gəmisinin göyərtəsində dördü uşaq olmaqla 277 sərnişin olub.

"İnsanlar uğurla təxliyə ediliblər, lakin bəzi sərnişinlər xilasetmə əməliyyatı zamanı yüngül xəsarətlər alıblar. Yanğın lokallaşdırılıb, bütün sərnişinlər təhlükəsizlikdədir", - deyə məlumatda bildirilib.

Baş verən hadisənin fonunda Katmandu hava limanında beynəlxalq uçuşlar müvəqqəti dayandırılıb.

Hadisəyə THY-dən də rəsmi münasibət bildirilib.

"İstanbuldan Katmanduya uçan "Airbus A330" təyyarəsində normal enişindən sonra şassidə tüstü müşahidə edilib. Sərnişinlərin təxliyəsi həyata keçirilib və proses uğurla başa çatıb. Xəsarət alan olmayıb. Təyyarənin geri uçuşu üçün əlavə reys planlaşdırılıb. Səlahiyyətli qruplarımız tərəfindən təyyarəmizin texniki yoxlamalarına başlanılıb. İlkin araşdırmalar göstərir ki, tüstünün səbəbi hidravlik boruda baş verən texniki nasazlıqdır", - deyə THY rəsmisi Yahya Üstün sosial şəbəkə hesabında məlumat verib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.