Gürcüstanın Xarici İşlər Nazirliyi Avropa Parlamentinin ölkə hakimiyyətini tənqid edən hesabatını daxili siyasətə müdaxilə kimi qiymətləndirib.
King.Az xəbər verir ki, bu barədə qurumun yaydığı bəyanatda bildirilib.
Məlumata görə, Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi mayın 5-də Gürcüstanda demokratiyanın geriləməsi ilə bağlı hesabatı dəstəkləyib. Sənəddə həmçinin müxalif mövqeli əhaliyə dəstək ifadə olunub, 2024-cü il seçkilərinin nəticələri əsasında formalaşmış parlamentin və Prezident Mixail Kavelaşvilinin legitimliyi tanınmayıb, eləcə də Aİ-yə Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar tətbiq etmək çağırışı yer alıb.
Gürcüstan XİN bəyan edib ki, bu hesabat cəmiyyətdə qütbləşməni artırmaq, legitim hakimiyyəti xalqdan ayırmaq və radikal meyilləri gücləndirmək cəhdidir. Nazirlik bunu suveren dövlətin daxili işlərinə müdaxilə kimi qiymətləndirib.
Qurum həmçinin qeyd edib ki, Aİ institutlarının Gürcüstan cəmiyyətinə və demokratik institutlarına qarşı istifadə olunması qəbuledilməzdir. Bildirilib ki, ölkənin xarici siyasət prioritetləri və Avropa inteqrasiyası prosesi siyasi təzyiq aləti kimi istifadə edilməməlidir.
Bununla yanaşı, Gürcüstan tərəfi qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığa hazır olduğunu vurğulayıb və Aİ-dən konstruktiv yanaşma gözlədiyini bildirib.
Oxşar Mövzular
Görkəmli bəstəkar Qara Qarayevin doğum günüdür
5-02-2025, 14:06