ABŞ ordusuna məxsus "F-35" qırıcı təyyarəsi İranın mərkəzi bölgəsində vurulub.
King.Az xəbər verir ki, bu barədə İran dövlət televiziyası ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb.
"ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "F-35" təyyarəsi İranın mərkəzi bölgəsində vurulub. Bu, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qabaqcıl hava hücumundan müdafiə sistemi vasitəsilə həyata keçirilib. Ekipaj üzvlərinin katapult etmə ehtimalı azdır", - deyə xəbərdə bildirilib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
