Rusiya və ABŞ hərbi-siyasi məsələlər üzrə danışıqlarla yanaşı, ikitərəfli iqtisadi işçi qrupu yaratmaq barədə razılığa gəliblər.
King.Az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Al-Arabiya"ya verdiyi müsahibədə bildirib.
"Cenevrədə keçirilən genişləndirilmiş hərbi-siyasi danışıqlara əlavə olaraq, amerikalı həmkarlarımızla ikitərəfli iqtisadi işçi qrupu yaratmaq barədə razılığa gəldik. Bütün bu məsələləri həmin qrup çərçivəsində müzakirə edəcəyik. Donald Tramp administrasiyası tərəfindən müəyyən edilən qarşılıqlı faydaların nədən ibarət olduğunu anlamaq istəyirik", - deyə o qeyd edib.
Lavrovun sözlərinə görə, tərəflər bir-birinin milli maraqlarını anlayırlar. Maraqların üst-üstə düşdüyü məqamlarda "fayda əldə etmək və layihələr həyata keçirmək", üst-üstə düşmədiyi hallarda isə vəziyyətin "qarşıdurma həddinə, xüsusilə də qızğın qarşıdurmaya" çatmasına imkan verməmək lazımdır.
S.Lavrov Prezident Donald Trampın dövründə ABŞ ilə münasibətləri "praqmatik" adlandırıb. Lakin o əlavə edib ki, ABŞ-nin "LUKOIL" və "Rosneft"ə qarşı sanksiyaları "tamamilə gözlənilmədən" elan olunub. Nazir həmçinin Vaşinqtonun bəyanatları ilə addımlarının bəzən üst-üstə düşmədiyinə diqqət çəkib. Onun fikrincə, bir tərəfdən Moskvanı qlobal enerji bazarlarından sıxışdırmaq cəhdləri edilir, digər tərəfdən isə Ukrayna münaqişəsinin həllinə və qarşılıqlı faydalı əməkdaşlığın başlanmasına çağırışlar səsləndirilir.
"Tramp dəfələrlə açıq şəkildə bildirib ki, bu, onun deyil, Co Baydenin müharibəsidir. O buna mümkün qədər tez son qoymağa çalışır. Bu fakt hamıya məlumdur. Lakin müharibə artıq ən aktual qlobal məsələyə çevrilib. Buna görə də onu "yoldan kənarlaşdırmaq", daha sonra isə qarşılıqlı faydalı layihələr həyata keçirmək lazımdır", - deyə Lavrov vurğulayıb.