Azərbaycan ilə Avropa İttifaqı arasında dialoq uzun müddət Ermənistanla bağlı ərazi mübahisəsinə fokuslansa da, bölgədə sülhün təmin edilməsindən sonra əməkdaşlığın əsas istiqaməti dəyişib. İndi iqtisadi sahələr ön plana çıxıb.
King.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Cənubi Qafqazda Azərbaycanın sülh gündəliyinin yaratdığı reallıqlar artıq özünün ilkin nəticələrini verməkdədir. Bakının bölgədə sabitlik, iqtisadi inkişaf və inteqrasiya, kommunikasiyaların açılmasına istiqamətlənən addımları vaxtilə münaqişənin yaratdığı maneələri sıradan çıxarır. Bunun məntiqi nəticəsi olaraq, dünyanın bir çox güc mərkəzləri mövcud beynəlxalq vəziyyət fonunda Cənubi Qafqazın, xüsusilə də Azərbaycanın getdikcə artan əhəmiyyətini xüsusi vurğulayır.
İqtisadi sahələr ön plana çıxıb
Bu məqamlar Azərbaycan-Avropa İttifaqı (Aİ), Bakı-Vaşinqton münasibətlərində özünü daha qabarıq büruzə verir. Məlumdur ki, Aİ-nin Azərbaycanın əsas ticarət tərəfdaşı olması Bakının xarici siyasət kursunda Brüssellə münasibətlərin inkişafını prioritet edir. Lakin beş il əvvəllə müqayisədə bu əməkdaşlıq özündə yeni çalarları birləşdirir.