"Mercedes" komandasının britaniyalı pilotu Corc Rassell 2026-cı il "Formula-1" mövsümünün Çində baş tutan ikinci mərhələsində keçirilən sprint yarışda inamlı qələbə qazanıb.
King.Az Sport-express.ru-ya istinadən xəbər verir ki, 28 yaşlı pilot bu uğura dünən sprint təsnifatda qazandığı birincilik sayəsində nail olub. Corc startda liderliyini itirsə də, tezliklə status-kvonu bərpa edib və finişədək heç kimə şans verməyib.
Qalibin arxasındakı gərgin mübarizədə "Ferrari" pilotu Şarl Lekler fərqlənərək finiş xəttini ikinci, onun komanda yoldaşı Lyuis Hemilton isə üçüncü keçib. Ən yaxşı altılıqda həmçinin Lando Norris ("McLaren"), Andrea Kimi Antonelli ("Mercedes") və Oskar Piastri ("McLaren") qərarlaşıblar. Sprint yarışda xal zonası sayılan son iki yeri isə Liam Louson ("Racing Bulls") və Oliver Berman ("Haas") tutublar.
Diqqətçəkən məqamlardan biri isə dördqat dünya çempionu Maks Ferstappenin ("Red Bull") bu yarışı yalnız doqquzuncu yerdə başa vuraraq xalsız qalması olub.
Həyəcanın artdığı yarışın ikinci yarısında "Audi" pilotu Niko Hülkenberqin bolidində yaranan texniki nasazlıq onun mübarizəni dayandırması ilə nəticələnib və bu səbəbdən trasa təhlükəsizlik avtomobili daxil olub. Nikodan başqa Arvid Lindblad ("Racing Bulls") və Valtteri Bottas ("Cadillac") da mexaniki problemlər üzündən yarışı yarımçıq dayandırmalı olublar.
Qeyd edək ki, əsas yarışın start düzümü uğrunda sıralanma turunda mübarizə bu gün Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.
Oxşar Mövzular
ABŞ Suriyaya qarşı sanksiyaları dayandırdı
24-05-2025, 10:50