Cümə
İyn 12

Xalid Əhədov: "Aqrar sahədə yeni dövlət proqramı intensiv inkişafa keçidi təmin edəcək"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Kənd təsərrüfatı məhsulları istehsalçılarına birbaşa subsidiyaların verilməsi aqrar sahənin hərtərəfli inkişafında və ərzaq təhlükəsizliyinin təmin olunmasında əsas dövlət dəstəyi mexanizmi kimi qəbul olunub. Tətbiq olunan yeni subsidiya mexanizmləri regional ixtisaslaşmanı, innovativ texnologiyaların tətbiqini, torpaq və su resurslarından səmərəli istifadəni, bütövlükdə isə dayanıqlı inkişafı təşviq edir".

King.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində İsmayıllıda keçirilən Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirədə çıxışı zamanı deyib.

Prezidentin köməkçisi qeyd edib ki, keyfiyyətcə yeni mərhələyə keçidin vacibliyi, müasir dövrün tələblərinə cavab verən, yüksək məhsuldarlığa malik ixracyönümlü istehsala istiqamətlənmiş yeni dövlət proqramının qəbul edilməsini şərtləndirib.

"Qeyd etməliyik ki, aqrar sahənin inkişafı ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlərə baxmayaraq, Prezident İlham Əliyev müşavirədə son bir neçə il ərzində ölkəmizdə aqrar sahədə müşahidə edilən durğunluğu qeyd edib və kənd təsərrüfatı məhsullarının istehsalında mövcud dinamikanın onu qane etmədiyini açıq söyləyib. Ölkə başçısının Prezident Administrasiyasına və Nazirlər Kabinetinə verdiyi tapşırıqlar əsasında kənd təsərrüfatının inkişafına dair yeni hərtərəfli və əhatəli bir dövlət proqramı hazırlanıb. Bu proqram qarşıdakı dövr üçün aqrar sektorun yeni inkişaf modelini müəyyən edən strateji sənəddir və aqrar sahədə məhsul istehsalının artırılması, resurslardan səmərəli istifadə, emal və ixrac imkanlarının genişləndirilməsi, dəyər zəncirlərinin, həmçinin balıqçılıq və akvakultura sahələrinin inkişafının yeni mərhələyə keçirilməsi baxımından mühüm yol xəritəsi kimi çıxış edir", - deyə Prezidentin sosial-iqtisadi məsələlər üzrə köməkçisi vurğulayıb.

Xalid Əhədov bildirib ki, əsas hədəf sadəcə istehsal həcmini artırmaq deyil, hər hektardan daha yüksək və keyfiyyətli məhsul əldə etmək, yəni aqrar sahədə ekstensiv yanaşmadan intensiv inkişafa keçidin təmin olunmasıdır: "Dövlət Proqramı, 2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində dayanıqlı inkişafın təmin edilməsini, ərzaq təhlükəsizliyinin gücləndirilməsini, daxili istehsal potensialının, məhsuldarlığın, əlavə dəyərin və ixracyönümlülüyün artırılmasını, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsini, aqrar sahədə dəyər zəncirlərinin inkişaf etdirilməsini, fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsini, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafını nəzərdə tutur. Heç şübhə yoxdur ki, aparılacaq müzakirələr Dövlət Proqramının icra mexanizmlərinin dəqiqləşdirilməsinə və qarşıdakı illərdə aqrar sahədə daha güclü nəticələrin əldə olunmasına töhfə verəcək.

"Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda konkret hədəflər müəyyən edilib. Müasir suvarma sistemləri tətbiq olunan sahələrin genişləndirilməsi, ixtisaslaşmış rayonlarda buğda və pambıq üzrə məhsuldarlığın yüksəldilməsi, intensiv meyvə bağlarının və istixana komplekslərinin artırılması, soyuducu anbar və taxıl siloları üzrə imkanların genişləndirilməsi, heyvandarlıqda cins tərkibin yaxşılaşdırılması, quş əti, süd, mal əti, qoyun əti və yumurta istehsalının artırılması, akvakultura istehsalının yüksəldilməsi əsas istiqamətlər sırasındadır. Bu hədəflər bir daha göstərir ki, dövlət proqramı yüksək məhsuldarlığa, səmərəliliyə və əlavə dəyərə hesablanan inkişafa hədəflənib".

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.