"Saudi Aramco" şirkətinin baş direktoru Əmin Nasir son iki ay ərzində dünya bazarının təxminən 1 milyard barel neft itirdiyini bildirib.
King.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Dünyanın ən böyük neft hasilatı korporasiyasının rəhbəri hesab edir ki, Hörmüz boğazı vasitəsilə tədarüklər bərpa olunsa belə, enerji bazarlarının sabitləşməsi üçün uzun müddət tələb olunacaq.
"Saudi Aramco"nun birinci rübdə xalis mənfəətinin 25 faiz artdığını açıqlamasından sonra Əmin Nasir "Reuters"ə verdiyi müsahibədə enerji axınının fasiləsizliyinin təmin ediləcəyini bildirib.
"Məqsədimiz sadədir: sistem təzyiq altında olsa belə, enerji axınının fasiləsizliyini təmin etməkdir", - deyə o qeyd edib.
"Marşrutların bərpası təxminən bir milyard barel neft itirmiş bazarın normallaşması demək deyil", - deyən Nasir əlavə edib ki, illərlə davam edən kifayət qədər maliyyələşməmə onsuz da aşağı səviyyədə olan qlobal ehtiyatlar üzərindəki təzyiqi daha da artırıb.
"Aramco" şirkəti Hörmüz boğazından yan keçərək nefti Qırmızı dənizə nəql etmək üçün özünün Şərq-Qərb boru kəmərindən istifadə edib.
Baş direktor qlobal tədarük böhranının fəsadlarını yumşaltmaq üçün bu marşrutu "həyati əhəmiyyətli təchizat xətti" adlandırıb.
Dünyanın ən böyük neft ixracatçısı olan şirkət son üç ay ərzində 32,5 milyard dollar xalis mənfəət əldə edib.
"Saudi Aramco"nun ümumi gəliri həm xam neftin, həm də neft məhsulları və kimyəvi məhsulların qiymətlərinin, eləcə də satış həcmlərinin artması nəticəsində əvvəlki illə müqayisədə təxminən 7 faiz yüksələrək 115,49 milyard dollara çatıb.
Oxşar Mövzular

