İsrail Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) İranın raket və pilotsuz uçuş aparatlarından (PUA) müdafiə olunmaq məqsədilə təcili olaraq müasir silah sistemləri, o cümlədən qabaqcıl "Iron Beam" lazerləri göndərib.
King.Az xəbər verir ki, bu barədə "Financial Times" (FT) nəşri mənbələrə istinadən məlumat yayıb.
Lazer qurğusu ilə yanaşı, İsrail tərəfi BƏƏ-yə 20 km-ə qədər məsafədə yaxınlaşan dronları, xüsusən də "Şahed"ləri aşkar edə bilən yüngülləşdirilmiş "Spectro" müşahidə sistemini də təqdim edib. "Iron Beam" və "Spectro" sistemlərinə texniki xidmət göstərmək üçün BƏƏ-yə onlarla israilli hərbçi də yollanıb.
FT-nin məlumatına görə, lazer və müşahidə sistemlərinin yerləşdirilməsi 2020-ci ilin İbrahim sazişlərinə qədər diplomatik əlaqələri olmayan bu iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın ilk irimiqyaslı nümunələrindən biri olub. Bu əməkdaşlığa səbəb kimi BƏƏ-nin ABŞ və İsrailin Tehrana qarşı birgə əməliyyatı zamanı İranın zərbələrinin əsas hədəfinə çevrilməsi göstərilir. Ümumilikdə BƏƏ ərazisinə 500-dən çox ballistik raket və 2 min PUA buraxılıb. Onların böyük əksəriyyəti hava hücumundan müdafiə sistemləri, o cümlədən İsrailin verdiyi qurğular vasitəsilə zərərsizləşdirilib.