Çərşənbə axşamı
Apr 28

Marko Rubio İran və ABŞ arasındakı diplomatik əlaqələrin detallarını açıqladı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ-nin dövlət katibi Marko Rubio İranın xarici işlər naziri Abbas Əraqçı ilə heç vaxt əlaqə saxlamadığını bəyan edib.

King.Az xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

"Mən heç vaxt İranın xarici işlər naziri ilə danışmamışam. İranlı diplomat ABŞ nümayəndələri ilə nadir hallarda ünsiyyət qurub. Təmaslar əsasən dolayı yolla baş tutur. Son bir neçə həftə ərzində İslamabadda keçirilən görüşlərlə əlaqədar bəzi birbaşa təmaslar olub.

Xatırlayın, İran tərəfi uzun müddət bizimlə birbaşa danışıqlara qadağa qoymuşdu. Onlarla birbaşa təmaslar nadir hallarda baş verir, çox məxfi xarakter daşıyır, yalnız bir və ya iki nəfər vasitəsilə həyata keçirilir", - deyə dövlət katibi bildirib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.

Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.

Aprelin 22-nə planlaşdırılmış ikinci görüş isə baş tutmayıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.