Birləşmiş Krallığın hökuməti İran Silahlı Qüvvələrinin xüsusi bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qadağan edilmiş təşkilatlar reyestrinə salınmasını nəzərdə tutan yeni qanun layihəsi irəli sürəcək.
King.Az-ın məlumatına görə, bu niyyəti Böyük Britaniyanın Baş naziri Kir Starmer "The Jewish Chronicle" nəşrinə açıqlamasında təsdiqləyib.
"Təhlükəli dövlət strukturlarının və təşkilatlarının qadağan olunması istiqamətində müvafiq addımların atılması üçün yeni qanunvericiliyə ehtiyac duyuruq. Həmin sənədi ən yaxın zamanda irəli sürəcəyik. Bir neçə həftəyə start veriləcək yeni parlament sessiyasında bu layihə müzakirəyə çıxarılacaq", - deyə hökumətin rəhbəri qeyd edib.
Xatırladaq ki, yanvarın 29-da Avropa İttifaqının (Aİ) xarici siyasət rəsmisi Kaya Kallas Aİ xarici işlər nazirlərinin SEPAH-ın terror təşkilatı kimi tanınması yönündə həlledici addım atdıqlarını bəyan edib. Bu qərar dərhal İranın "Cavab tədbirləri" haqqında qanununun 7-ci maddəsinin işə düşməsi ilə nəticələnib. Hazırda həmin maddəyə əsasən, Aİ-yə üzv ölkələrin hərbi qüvvələri də rəsmi Tehran tərəfindən terror təşkilatları hesab olunur.