Cümə
İyn 05

Xarici ticarət dövriyyəsi niyə azalırdı?

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Pərviz Heydərov yazır...

Ölkəmizin xarici ticarət dövriyyəsinin bir müddət əvvəl azalması ciddi təşviş doğururdu. Xüsusən də, ixracın enməsi ilə yanaşı həm də idxalın artması böyük narahatlıq yaratmışdı. Çünki bu çox təhlükəli tendensiya idi. Dərindən təhlil etdikdə isə bunun müəyyən aspektlər baxımından müvəqqəti xarakter daşıdığı görünürdü. Təsadüfi deyil ki, bu ilin ilk ayları ərzində də sözügedən temp qalmaqda davam etsə də, apreldə dayandı və müsbətə doğru dəyişdi.

Yanvarda ticarət dövriyyə illik müqayisədə 30.5% azalmışdısa, fevral da daxil bu rəqəm ötən ilin müvafiq dövrünə nisbətən 29.7% təşkil edirdi. Bütövlükdə birinci rüb ərzində isə ümumi ticarət həcminin illik müqayisədə 21.9%, yəni 2 milyard 642 milyon dollar azaldığı qeydə alınmışdı.

Qeyd etdiyim kimi, apreldə hər şey dəyişdi.

Belə ki, 2026-cı ilin yanvar-aprel aylarında ölkəmizin xarici ticarət dövriyyəsi 17 milyard 403 milyon 345 min ABŞ dolları təşkil edərək 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2.9% çox əldə olundu.

Ümumiyyətlə, cari ilin ilk dörd ayının yekunlarına əsasən ölkənin xarici ticarət dövriyyəsinin ötən ilin eyni dövrü ilə müqayisədə 2.9%, yəni 485 milyon dollar artması çox mühüm bir makroiqtisadi göstərici üzrə bərpası kimi qiymətləndirilməlidir.

Həm də o cəhətdən ki, bu dəyişiklik əvvəlki tendensiyanın tərsinə olaraq ixracın artması, idxalın isə kəskin azalması fonunda qeydə alınıb. Təkcə bu faktın özü, çox ciddi hesab olunmalıdır.

2026-cı ilin ilk dörd ayında ölkəyə gətirilən malların, yəni idxalın dəyəri 2025-ci ilin eyni dövrü ilə müqayisədə 32.1%, yaxud 2.6 milyard ABŞ dolları həcmində azalıbsa, ixrac əksinə, 35.2% - 3.1 milyard dollar artıb. Bu da əsas etibarilə, qeyri-neft-qaz sektorunun hesabına baş verib.

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 13% artaraq 1.1 milyard ABŞ dolları təşkil edib ki, cari ilin yanvar-aprel aylarında ixrac olunan şəkər ötən ilin eyni dövrünə nəzərən dörd dəfə, pambıq iplik 2.3 dəfə, bitki və heyvan mənşəli piylər və yağlar 71%, pambıq lifi 49.9%, meyvə-tərəvəz 22.1%, alüminium və onlardan hazırlanan məmulatlar 32.2%, çay 12.1%, spirtli və spirtsiz içkilər isə 9.4% artım nümayiş etdirib.

2026-cı ilin yanvar-aprel aylarında aqrar məhsullar üzrə ixrac 28.3% artaraq 298.3 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac isə 31.6% artaraq 119 milyon ABŞ dolları təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 29.1% artaraq 417.3 milyon ABŞ dollarına bərabər olub.

Yeri gəlmişkən, qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (131.1 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq lifi (92.9 milyon ABŞ dolları) ikinci, mis filizləri (87.9 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

Sözün qısası, bütün bu qeyd olunanlardan gəlinən qənaət budur.

1. Bu ilin aprelindən xarici ticarət dövriyyəsində mənfi tendensiyanın aradan qalxmasında ölkəyə idxalın kəskin, yəni birdən-birə 32.1% həddində enməsi mühüm təsir göstərib. Bu da ölkəyə əsas etibarilə qızıl idxalının dayandırılması ilə əlaqədar baş verib. Söhbət, qeyri-monetar idxaldan gedir. İdxalı əvvəl şişirdən daha çox məhz bu faktor idi.

2. Enerji sektoru dünya bazarlarında qiymət rəqsləri səbəbindən əgər dəyər itirməsəydi xarici ticarət dövriyyəsinin həcmi bir az da yüksək ola bilərdi. Təkcə xam neft üzrə vəziyyətə dair qeyd edim ki, ötən ilin eyni dövrü ilə müqayisədə hasilat və qiymət amillərinə görə ixrac həcmi 3.42%, ixracın ümumi dəyəri isə 4.33% azalıb.

3. İlin ilk dörd ayında xarici ticarətdəki ümumi artımda əsasən qeyri-neft və qaz sektoru üzrə ixracın 13% genişlənməsi rol oynayıbsa, bu faktorun özündə isə dünya bazarlarında qızılın baha olması faktına görə "AzərGold" QSC və digər subyektlərin də təsir gücü böyük olub.

Nəticə isə odur ki, qeyri-neft-qaz sektoru üzrə ixrac daha sürətlə artan dinamika üzrə inkişaf etməlidir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.