"Avstraliyanın kəşfiyyat təyyarəsi - "E-7A Wedgetail"dən alınan məlumatlar ABŞ-nin təmsil olunduğu Birləşmiş Hava Əməliyyatları Mərkəzinə daxil olur və yalnız müdafiə məqsədləri üçün istifadə edilir".
King.Az xəbər verir ki, bunu "ABC News" radiosuna müsahibəsində Avstraliyanın baş nazirin müavini və müdafiə naziri Riçard Marlz deyib.
Müdafiə nazirinin sözlərinə görə, uzaqmənzilli radiolokasiya aşkarlayan təyyarənin informasiyaları Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) və Fars körfəzi ölkələrinin müdafiəsi üzrə əməliyyatların koordinasiyası üçün istifadə olunur:
"Bu, onun tətbiqinin yeganə üsuludur. Təyyarə müdafiə vəzifəsini yerinə yetirir və hazırda BƏƏ-nin müdafiəsi ilə məşğuldur".
Qeyd edək ki, martın əvvəlində Avstraliya İran tərəfindən hücumlara məruz qalan dövlətlərin müdafiəsinə kömək göstərmək üçün Fars körfəzinə "E-7A Wedgetail" təyyarəsi və 85 hərbçi göndərib. Hökumətin bildirdiyinə görə, Avstraliya hərbçilərinin bu missiyası hava məkanının monitorinqinin gücləndirilməsinə və təhlükəsizliyin təmin edilməsi əməliyyatlarının dəstəklənməsinə yönəlib.
Aprelin 9-da Avstraliyanın Baş naziri Entoni Albaneze missiyanın müddətini qeyri-müəyyən müddətə uzadıb.