"ABŞ və İsrailin İrana hücumlarından sonra neft məhsullarının yanması problemi bütün planetin ekologiyasına, xüsusilə də Arktikaya ciddi təsir göstərə bilər".
King.Az xəbər verir ki, bu barədə "Vedomosti"yə Uzaq Şərq və Arktikanın İnkişafı Nazirliyi yanında Arktikanın İnkişafı Layihə Ofisinin Ekspert Şurasının koordinatoru Aleksandr Vorotnikov bildirib.
İrandakı hadisələrlə əlaqədar, xüsusən Arktika zonasında anormal temperatur və yağıntı göstəriciləri, habelə buz balansının pozulması gözlənilə bilər. Bu fikri isə nəşrə istixana qazlarının validasiyası və verifikasiyası üzrə mütəxəssis Darya Anikiyeva səsləndirib.
Onun sözlərinə görə, bu epizodu vulkanik aktivliyin, məsələn, 1883-cü ildə Krakatau vulkanının püskürməsinin nəticələri ilə müqayisə etmək olar. O zaman atmosfer sirkulyasiyasının təsiri altında böyük miqdarda kül, qaz və toz bütün dünyaya nəhəng məsafələrə yayılmışdı.
Anikiyevanın sözlərinə görə, püskürmədən sonrakı bir neçə il ərzində planetdə orta temperatur 1.2-1.5 dərəcə Selsi aşağı düşüb. İqlim yalnız beş ildən sonra öz normal vəziyyətinə qayıdıb.
Vorotnikovun sözlərinə görə, buludlar hazırda Qazaxıstan istiqamətində hərəkət etsə də, neft məhsullarının yanmasının fəsadları gec-tez Arktikaya çatacaq. Çünki hava axınlarının sirkulyasiyası arktik zonadan yan keçə bilməz.
Onun sözlərinə görə, yanmanın əsas məhsullarından biri Şimal qütbü bölgəsinə və Rusiya Arktikasına düşəcək qara karbon, yəni hisdir. Ekspert izah edib ki, qara karbon hissəcikləri qar və buz kimi ağ səthlərə düşərək albedo effektini azaldır.
Albedo effekti - səthin (qar və ya buzun) günəş şüalarının böyük hissəsini kosmosa geri əks etdirməsi hadisəsidir ki, bu da ərazinin əlavə soyumasına səbəb olur. Bu effektin zəifləməsi isə buzların əriməsini sürətləndirir.
Vorotnikov qeyd edib ki, qara karbonun artması digər ciddi problemlərə də səbəb olacaq: biomüxtəlifliyə təsir göstərəcək və havanın bərk qalıqlarla çirklənməsinə gətirib çıxaracaq.
Anikiyeva əlavə edib ki, albedonun azalması səbəbindən qarın daha erkən və daha intensiv əriməsi müşahidə olunacaq. Nəticədə su rejimi dəyişəcək və ərimə sularının pik həddi daha tez baş verəcək.
"Bu, yaz daşqınlarına, ardınca isə yay dövründə bitkilər üçün nəm çatışmazlığına səbəb ola bilər. Yanma məhsullarının mənbəyi yanğınlar olduqda qaz-hava qarışığında biogen elementlərin, xüsusən də azotun olması fitoplankton biokütləsinin kəskin artmasına gətirib çıxarır ki, bu da bütün qida zəncirinə mənfi təsir göstərir.
Hava qarışığında mövcud olan zəhərli birləşmələr - polisiklik aromatik karbohidrogenlər və ağır metallar - Arktika mühitində şibyələrdə və mamırlarda toplana bilər. Daha sonra bu maddələr qida zənciri ilə ötürülərək bitki və heyvanlar üçün birbaşa təhlükə yaradır", - deyə o bildirib.
Qeyd edək ki, İrandakı neft obyektlərinə, o cümlədən Şahran neft bazasına və Tehran neft emalı zavoduna endirilən zərbələr genişmiqyaslı ekoloji böhrana səbəb olub. Peyk görüntüləri təsdiq edir ki, obyektlərdəki yanğınlar bir neçə gün davam edib, şəhər üzərində isə nəhəng qara tüstü sütunları yüksəlib.