Cümə axşamı
Mar 12

Uşaqda zorakılıq əlamətləri barədə məlumat verməyənlər cərimələnəcəklər

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Uşaqda zorakılıq hərəkətlərinin əlamətlərinin aşkar edilməsi barədə məlumatın verilməməsinə görə cərimələr müəyyənləşir.

King.Az-ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, həmçinin İnsan hüquqları komitələrinin birgə iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Bununla bağlı qanunvericiliyə yeni maddələr əlavə olunur.

Layihədə qeyd olunub ki, uşaqda zorakılıq hərəkətlərinin əlamətlərinin aşkar edilməsi barədə məlumatın valideynlər (onları əvəz edən şəxslər), habelə uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən aidiyyəti hüquq mühafizə orqanlarına və ya ərazi üzrə aidiyyəti uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya verilməməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə ediləcəklər.

Bundan başqa, təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, müəssisələrində və penitensiar müəssisələrdə uşaqlara, o cümlədən uşaqların bir-birinə qarşı davamlı təzyiq və aqressiv davranışının qarşısının alınmamasına görə fiziki şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə cərimə olunacaqlar.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.