Hörmüz boğazında üzən gəmiyə zərbələr endirilib.
King.Az xəbər verir ki, bu barədə BMT-nin Beynəlxalq Dəniz Təşkilatının baş katibi Arsenio Dominqes məlumat verib. Onun sözlərinə görə, hadisə zamanı ən azı dörd dənizçi həlak olub, üçü ağır yaralanıb.
Baş katib açıqlamasında bildirib ki, Fars körfəzində hazırda təxminən 20 min dənizçi çıxılmaz vəziyyətdə qalıb. O, bütün tərəfləri beynəlxalq hüquqa uyğun olaraq insanları qorumaq və naviqasiya azadlığını təmin etmək üçün tədbirlər görməyə çağırıb.
Qeyd edilib ki, sözügedən gəmi BƏƏ bayrağı altında üzən 26 metrlik "Mussafah 2"dir. Britaniya Donanmasının Dəniz Ticarət Əməliyyatları Mərkəzindən bildirilib ki, bərə ərazidə Malta bayrağı altında üzən "Safeen Prestige" konteyner gəmisinə yardım göstərirdi.
Təşkilatın məlumatına görə, Yaxın Şərqdə gərginlik başlayandan bu günə kimi yeddi dənizçi həlak olub, doqquz nəfər yaralanıb və bir nəfər itkin düşüb. Ən çox ölüm hadisəsi martın 1-də baş verib. Həmin gün Palau bayrağı altında üzən "Skylight" neft tankeri Oman sahillərində atəşə tutulub. Nəticədə bir dənizçi həlak olub, dörd nəfər yaralanıb, biri isə itkin düşüb. Elə həmin gün Marşal adalarının "MKD Vyom" neft tankeri də Oman sahillərində raket zərbəsinə məruz qalıb. Bu hadisə bir dənizçinin ölümünə səbəb olub. Bundan başqa Bəhreyndə lövbər salan 183 metrlik, ABŞ bayrağı altında üzən "Stena Imperative" tankeri də iki raketlə vurulub. Nəticədə bir gəmiqayırma zavodunun işçisi həlak olub, ikisi isə ağır yaralanıb.
Oxşar Mövzular
"Mançester Yunayted" yenidən baş məşqçi axtarışlarına başladı
6-03-2025, 15:11