Çərşənbə axşamı
Mar 03

Mühüm kəşf: Məşq beyni "təmizləyir"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

İdmanın Alzheimer xəstəliyinin irəliləməsinin qarşısını ala biləcəyi müəyyən edilib.

King.Az xəbər verir ki, bu barədə çinli alimlər "Nature Aging" elmi jurnalında məqalə dərc ediblər.

Araşdırmada qeyd olunub ki, aktiv fiziki məşqlər beynin özünü zülal "tullantılarından" daha effektiv təmizləməsini stimullaşdırır. Bu proses xüsusi qısa RNT molekulları daşıyan mikrovezikulların (mikrobaloncukların) ifrazını təşviq edir və nəticədə Alzheimer xəstəliyinin irəliləməsi yavaşlayır.

Alimlərin sözlərinə görə, bu kəşf demensiyanın sözügedən forması üçün yeni müalicə üsullarının hazırlanmasına zəmin yarada bilər.

"Məşqin Alzheimer xəstəliyi olan insanlar üçün faydalı olduğu artıq məlumdur. Lakin onun beyinə təsir mexanizmi tam öyrənilməmişdi. Təcrübələrimiz göstərir ki, idman əzələ hüceyrələri tərəfindən xüsusi mikrovezikulların istehsalını stimullaşdırır. Bu mikrovezikullar daha sonra beynin dəstəkləyici hüceyrələri olan mikroqliya tərəfindən mənimsənilir və onları beta-amiloid zülalını daha aktiv şəkildə parçalamağa təşviq edir", - deyə məqalədə qeyd olunub.

Qeyd edək ki, tədqiqat Çinin Honkonq Baptist Universitetinin professoru Quo Baoşenin rəhbərliyi ilə Alzheimerə meyilli siçanlar üzərində aparılıb. Nəticələr göstərib ki, fiziki aktivlik demensiyanın bu formasının inkişafını əhəmiyyətli dərəcədə ləngidir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.