Çərşənbə axşamı
Fev 17

İlham Əliyev Çin sədrinə məktub göndərdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu göndərib.

King.Az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:

"Sizi və Sizin simanızda dost Çin xalqını qarşıdan gələn Bahar bayramı münasibətilə öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən məmnunluq duyuram.

Sülh və harmoniyanın rəmzi, yeniliyin, ümidin, təbiətə minnətdarlıq hissinin təcəssümü olan bu qədim bayram bütün qayəsi ilə qarşılıqlı anlaşmanı, dostluğu və birliyi tərənnüm edir. Çin təqvimi ilə yeni ilin gəlişini qeyd edən Çuntsze bayramının xalqınıza xoş ovqat, firavanlıq və bol ruzi-bərəkət gətirməsini diləyirəm.

Azərbaycan ilə Çin arasında möhkəm təməllər üzərində qurulmuş hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin dərinləşməsi və yeni məzmun qazanması bizi sevindirir. Şübhəsiz ki, siyasi dialoqumuzun intensivliyi və qarşılıqlı anlaşma bu münasibətlərin daha sürətli inkişafına və möhkəmlənməsinə şərait yaradır.

Əminəm ki, Azərbaycan-Çin ənənəvi dostluq münasibətləri, səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcək, strateji tərəfdaşlığımız daha da güclənəcəkdir.

Bu bayram münasibətilə bir daha Sizə ən səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik, məsul dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, dost Çin xalqına isə daim əmin-amanlıq və rifah arzulayıram".

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.