ABŞ-nin Brüsseldəki diplomatik missiyasının rəhbəri Bill Uayt izahat vermək üçün Belçika Xarici İşlər Nazirliyinə dəvət edilib.
King.Az-ın aif.ru-ya istinadən verdiyi məlumata görə, bu faktı Belçika Xarici İşlər Nazirliyi təsdiqləyib.
Diplomatın "X" sosial media hesabında Belçika Krallığının siyasətinin guya antisemit mahiyyət daşıdığına işarə edən paylaşımı rəsmi Brüsseldə etirazla qarşılanıb.
Belçikanın xarici işlər naziri Maksim Prevo açıqlamasında ölkəyə qarşı antisemitizmlə bağlı ittihamların yalan, təhqiramiz və tamamilə qəbuledilməz olduğunu vurğulayıb. O bildirib ki, xarici nümayəndələr ev sahibi ölkənin dövlət qurumlarına, seçilmiş nümayəndələrinə və məhkəmə sisteminin müstəqilliyinə hörmət etməyə borcludurlar.
Mübahisə Antverpendə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatdan sonra yaranıb. Həmin əməliyyat zamanı yəhudi icmasının bir neçə üzvü saxlanılıb. Şübhələr müvafiq tibbi icazə olmadan sünnət prosedurlarının həyata keçirilməsi ilə bağlıdır. Hazırda faktla bağlı araşdırma davam etdirilir.
ABŞ nümayəndəsi isə öz növbəsində "X" platformasında sərt ifadələr işlədərək antisemitizmin istənilən formada qəbuledilməz olduğunu bəyan edib. O, paylaşımında Belçikanın səhiyyə nazirini kəskin tənqid edərək, onu anti-Amerika mövqeyi nümayiş etdirməkdə ittiham edib. Diplomat ultimativ tonda rəsmi şəxsi qanunsuz tibbi praktika ilə bağlı saxlanılanların ailələrindən üzr istəmək üçün onunla birlikdə Antverpenə getməyə çağırıb.