"ABŞ Prezidenti Donald Trampın Administrasiyası Kuba hökuməti daxilində ilin sonuna qədər mövcud siyasi rejimi devirməyə kömək edə biləcək insanlar axtarır".
King.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri özəl mənbələrinə istinadən məlumat yayıb.
"ABŞ Venesuela lideri Nikolas Maduronun devrilməsindən ruhlanaraq, ilin sonuna qədər Kubada kommunist rejimini devirməyə kömək edəcək insanlar axtarır. Tramp Administrasiyası hesab edir ki, Kuba iqtisadiyyatı hazırda çökmə həddindədir və oradakı mövcud hökumət Maduro kimi vacib himayədarını itirdikdən sonra heç vaxt belə zəif olmayıb" - deyə, mənbə diqqətə çatdırıb .
Vurğulanıb ki, ABŞ rəsmilərinin Kuba hökumətini devirmək üçün konkret planı yoxdur, lakin Maduronun ələ keçirilməsi əməliyyatından bəri Tramp dəfələrlə Kubanın onun növbəti hədəflərindən biri ola biləcəyini deyib.
Xatırladaq ki, bu il yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı əməliyyat keçirib, nəticədə prezident Nikolas Maduro və onun həyat yoldaşı Silia Flores həbs edilərək Nyu-Yorka aparılıblar.
D.Tramp Maduro və Floresin narkoterrorizm və ABŞ-ni təhdid etmək ittihamı ilə mühakimə olunacaqlarını açıqlayıb.
Venesuelanın vitse-prezidenti Delsi Rodriges müvəqqəti dövlət başçısı elan edilib.