Qan Turalı yazır...
Dünya getdikcə dərk edilməsi daha çətin olan bir yerə çevrilir. Dövrümüzün adı "Post Truth" dövrüdür, bu söz posthəqiqət kimi yox, həqiqətin dəyərdən düşməsi, onun yalandan seçilməməsi, əhəmiyyətinin azalması kimi başa düşülür. Və bu söz dövriyyəyə Trampın ilk dəfə prezident seçilməsi ilə çıxıb.
1949-cu ildə qurulan Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) özünün bəlkə də ən böhranlı günlərini yaşayır. Bu təşkilatda sözün əsl mənasında xaos hökm sürür. Belə ki, təşkilatın qurucu sənədi olan Şimali Atlantika müqaviləsinin beşinci bəndi NATO üzvlərinin hər hansı birinə ya da bir neçəsinə hücum olduğu təqdirdə digər ölkələrin də onu müdafiə etməyə borclu olduğu qeyd olunur. Məsələnin tragik tərəflərindən biri də müqavilənin Vaşinqtonda imzalanmasıdır.
Ancaq bir NATO üzvünün digər NATO üzvünə hücumu zamanı kimin kimi müdafiə edəcəyi barədə müqavilədə bir şey yazılmayıb. Yazılsa, absurd olardı.
Böhranı şərtləndirən faktor isə bir NATO ölkəsinin başqa bir NATO üzvünə qarşı olan ərazi iddialarından, daha konkret desək ABŞ-nin Danimarkanın nəzarətində olan Qrenlandiyaya iddialarından gedir. ABŞ Prezidenti hələ 2019-cu ildə Qrenlandiyanı satın almaq istədiyini bildirmiş, Danimarka isə "Qrenlandiya satılmır" cavabını vermiş və bununla da məsələ bağlanmışdı.
Ancaq indi məsələ o qədər də sakit həll olunmayacaq. ABŞ hətta hərbi müdaxilə variantını da nəzərdən keçirir. Hərbi variant faktiki olaraq NATO-nun sonu olacaq. On il NATO-nun baş katibi olan Stoltenerq ABŞ-nin NATO üzvlüyünün daimi olmayacağını bildirir. Ancaq, ABŞ-siz NATO-nun bir əhəmiyyəti varmı? Əlbəttə ki, yox...
Tramp Qrenlandiyanın ilhaqını ölkəsinin milli təhlükəsizliyi və Qızıl Qübbə raketdən müdafiə sistemi ilə əsaslandırır. O, Qrenlandiyanın faydalı qazıntılarına duyduğu marağı da gizlətmir. Hətta, Rusiya belə öz istəklərini bu qədər açıq şəkildə ifadə etmir və işğala "neofaşizmlə mübarizə" kimi səbəblər axtarırdı.
Avropa ölkələri Qrenlandiyaya və əlbəttə ki, Danimarkaya necə kömək edəcəklərini götür-qoy edirlər. Bunun üçün Qrenlandiyaya hərbi qüvvə göndərildi. Hərbi qüvvə dedikdə böyük görünür, ancaq reallıq ondadır ki, Fransa 15, Almaniya 13, Norveç 2, Böyük Britaniya 1 hərbçi göndərib. Bu əlbəttə ki, həmrəylik xarakteri daşıyır. Yoxsa, bu qədər az qüvvə ilə ABŞ hücumunun qarşısını almaq istəyi komik görünərdi...
Avropa Birliyi qurucu sazişində olan "Lissabon müqavilə"sində də NATO sazişinin beşinci bəndinə uyğun bənd də mövcuddur. Başqa sözlə desək, mümkün bir hərbi müdaxilə zamanı Avropa Birliyi ölkələri Danimarkaya kömək edə bilər. Hərçənd, bu ağlasığmaz bir mənzərədir. Almaniya, ya da Böyük Britaniya ABŞ-yə qarşı müharibə aparacaqlar? Almaniyada 40 min ABŞ əsgəri var. Bütün bunlar heç də mümkün ssenari kimi görünmür.
Avropa liderləri Trampı fikrindən daşındırmaq, ona özünü qalib kimi hiss etdirmək, ancaq bununla belə Qrenlandiyanı qoruyub-saxlamaq kimi çətin bir diplomatik yola qədəm qoyublar. Bu yol bəlkə də ən yaxşı yoldur, ancaq onun səmərəli olub olmaması da böyük bir sual altındadır.
Tramp Avropa ölkələrinin Qrenlandiyaya həmrəyliyini cəzalandırmaq üçün öz ənənəvi metoduna əl atdı. Belə ki, 8 ölkəyə fevralın 1-indən keçərli olan 10 faizlik gömrük vergisi tətbiq ediləcək, iyun ayından etibarən bu vergi 25 faizə çıxarılacaq.
NATO isə proses zamanı sükuta qərq olub. Başqa variant da yoxdur. Çünki NATO daxilində yekdillik yoxdur. Bu da təşkilatın hər hansı bir mövqe bildirməsini mümkünsüz edir. Venesuela məsələsindən sonra Trampın özünə və öz ölkəsinin gücünə olan inamı fantastik dərəcədə artıb. Məhz buna görə də Qrenlandiyaya məsələsində təkid edir, ada ölkəsi ilə həmrəylik göstərənləri cəzalandırmağa çalışır.
Avropa ölkələrinin əlində ABŞ əleyhinə futbol üzrə dünya çempionatından başqa heç bir rıçaq yoxdur. Çempionat bu il ABŞ, Meksika və Kanadada keçiriləcək. Almaniya ABŞ-nin Qrenlandiyanı ilhaq etdiyi təqdirdə dünya kubokundan imtina imkanlarını nəzərdən keçirir. Ölkə əhalisinin 47 faizi boykotu dəstəkləyir, cəmi 35 faizi əleyhinə çıxır. Fransa, İspaniya, İngiltərə, Niderland və ev sahibi Kanada da boykot qərarı alsa dünya çempionatı lazımsız bir şeyə çevriləcək. Bəlkə də ABŞ-nin ən qorxduğu ssenari də budur.
Hadisələrin necə nəticələnəcəyi isə çox maraqlıdır...