Uzun müddət planetin ən böyük aysberqi hesab edilən "A23a" aysberqi yaxın günlərdə və ya həftələr ərzində tamamilə parçalanaraq məhv ola bilər. Alimlər onun daxili quruluşunda intensiv ərimə prosesləri və səthində ərimiş suların toplanması ilə bağlı sürətli dəyişikliklər müşahidə edirlər.
King.Az xəbər verir ki, bu barədə NASAnın rəsmi saytında dərc olunan məqalədə məlumat verilib.
Məqalədə qeyd olunur ki, müşahidə edilən bu əlamətlər aysberqin cəmi bir neçə gün və ya həftə ərzində tamamilə dağılacağına işarə edir. İllərdir "A23a" aysberqini izləyən tədqiqatçılar onun qaçılmaz məhvini peşəkar baxımdan "acı-şirin bir an" kimi dəyərləndirirlər.
Qeyd edək ki, 2025-ci ilin dekabr ayında Arktika və Antarktika Elmi-Tədqiqat İnstitutunun yaydığı məlumata əsasən, "A23a" artıq ilkin sahəsinin təxminən 67 faizini itirib. Bununla da o, planetin ən böyük aysberqi statusunu "D15a" aysberqinə verib.
