Çərşənbə axşamı
Dek 23

Sahib Ələkbərov: "Bakı-Xankəndi" velosiped yarışının marşrutu ölkəmizin 21 rayon və şəhərindən keçəcək"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Bakı-Xankəndi" velosiped yarışında 21 komandanın iştirakı artıq təsdiq olunub".

King.Az xəbər verir ki, bunu Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov deyib.

O bildirib ki, yarışda maksimum 25 komanda iştirak edə bilər:

"İyirmiyə yaxın komanda iştirak üçün müraciət edib. Yanvar ayının sonuna qədər iştirakçıların siyahısı tamamlanacaq. Dünyanın bütün qitələri bu yarışda iştirak edəcək. Yarışda iştirak edən komandalar üç qrupa ayrılır: dünyasəviyyəli komandalar, peşəkar komandalar, qitə komandaları".

"Yarış beş mərhələdən ibarət olacaq. Yarışın marşrutu ölkəmizin 21 rayon və şəhərindən keçəcək.

Birinci mərhələ "Sea Breeze"dən start götürür. İdmançılar Bakının görməli yerlərindən keçməklə 158.7 kilometr məsafə qət etdikdən sonra Sumqayıtın baş meydanında finiş xəttinə çatacaqlar.

İkinci mərhələyə də "Sea Breeze"dən start veriləcək. Velosipedçilər 193.2 kilometr məsafə qət etdikdən sonra İsmayıllı rayonunda finişə çatacaqlar (Bakı - Şamaxı - İsmayıllı).

Üçüncü mərhələyə Qəbələdən start verəcək idmançılar 163.3 kilometr məsafə qət etdikdən sonra Mingəçevir şəhərində finiş xəttinə çatacaqlar (Qəbələ - Oğuz - Şəki - Mingəçevir).

Dördüncü və beşinci mərhələni xüsusi fərqləndirən cəhət isə bu mərhələlərin işğaldan azad olunmuş ərazilərdən keçməsidir.

Dördüncü mərhələ Gəncədən start götürür. İşğaldan azad olunmuş Suqovuşan və Talış ərazilərindən keçərək Naftalan şəhərində finiş olacaq. Bu mərhələnin uzunluğu 152.7 kilometr olacaq (Gəncə - Göygöl - Goranboy - Suqovuşan - Talış - Naftalan).

Beşinci mərhələ Tərtərdən start götürür. Ağdam, Füzuli və Şuşadan keçdikdən sonra Xankəndi şəhərində finiş olacaq. Bu mərhələnin isə uzunluğu 181.3 kilometr olacaq (Tərtər - Ağdam - Füzuli - Şuşa - Xankəndi)".

Qeyd edək ki, Azərbaycanda "Bakı-Xankəndi" beynəlxalq velosiped yarışı 2026-cı ildə may ayının 10-dan 14-nə kimi keçiriləcək.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.