"Dünya İqtisadi Forumunun 2025-ci il üzrə "Qlobal Risk Hesabatı"nda sadalanan qlobal risklərə baxmayaraq, cari ilin 11 ayında makroiqtisadi göstəricilərimiz dayanıqlıdır".
King.Az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bugünkü plenar iclasında deyib.
O bildirib ki, güclü xarici balans, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri əsas müsbət göstəricilər kimi qeyd olunmalıdır:
"Cari ilin 11 ayında ümumi daxili məhsul (ÜDM) 1.6% artıb, o cümlədən qeyri-neft-qaz sektorunda 3.2% artım, neft-qaz sektorunda isə 1.8% azalma qeydə alınıb. İqtisadi artımın dinamikasında nisbətən zəifləmənin əsası neft hasilatının obyektiv səbəblərə görə azalmasıdır. Ölkəmizin strateji valyuta ehtiyatları ildən-ilə artır və bu ilin əvvəlindən də əhəmiyyətli dərəcədə - 12.5 milyard dollar artaraq 83.5 milyard dollardır. Bu da manat ifadəsi ilə 142 milyard manatdır ki, 2025-ci ilə gözlənilən ÜDM-in həcmini (130 mlrd manat) üstələyir. Hazırda valyuta ehtiyatlarımız xarici borcumuzdan 17 dəfə çoxdur.
Bu gün dünyanın iki aparıcı reytinq agentliyi ("Moody"s" və "Fitch") ölkəmizin kredit reytinqini yüksəldib. Bu, ölkəmizdə iqtisadi dayanıqlığın, fiskal intizamın və əlverişli investisiya mühitinin səviyyəsini təsdiq edir. Əlbəttə ki, bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu xarici və daxili siyasətin və islahatların təzahürüdür".
Oxşar Mövzular
