Türkiyənin "Bayraktar Kızılelma" təyyarəsi aviasiya tarixində görünüş məsafəsindən kənar "hava-hava" raketindən istifadə edərək, reaktiv mühərrikli hava hədəfini vuran dünyada ilk pilotsuz döyüş təyyarəsi oldu.
King.Az xəbər verir ki, bu barədə məlumatı "Baykar" şirkəti yayıb.
Məlumata görə, Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi "Bayraktar Kızılelma" bu uğura Sinop sahillərində həyata keçirilən sınaq zamanı imza atıb.
Bildirilir ki, "Bayraktar Kızılelma" pilotsuz hava platformaları arasında "hava-hava" atəş qabiliyyətinə malik dünyada ilk və yeganə platforma kimi aviasiya tarixinə keçib.
Qeyd edilir ki, sınaq zamanı təyyarədəki yerli istehsal olan "Murad" AESA radarı havadakı hədəfi təsbit edərək onu təqib edib, hədəf yerli "Gökdoğan" raketi ilə vurulub.