Cümə
Okt 24

ABŞ Kanada ilə ticarət danışıqlarını dayandırdı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ Prezidenti Donald Tramp oktyabrın 23-də bəyan edib ki, Vaşinqton Ottava ilə ticarət məsələləri üzrə danışıqları dayandırıb. Buna səbəb Kanada rəsmilərinin ABŞ-də rüsumlara qarşı tənqidi reklamların yayımlanmasını maliyyələşdirməsidir.

King.Az xəbər verir ki, bu barədə Tramp "Truth Social" sosial şəbəkəsindəki hesabında yazıb.

O qeyd edib: "ABŞ-nin 40-cı prezidenti Ronald Reyqan adına Fond indicə məlumat verib ki, Kanada fırıldaqçılıqla feyk reklamdan istifadə edib. Həmin reklamda Ronald Reyqan rüsumlara mənfi münasibət bəslədiyini bildirir. Reklama 75 milyon dollar xərclənib. Onlar ABŞ Ali Məhkəməsinin və digər məhkəmələrin qərarına təsir etmək üçün bu addımı atıblar".

"Tariflər ABŞ-nin milli təhlükəsizliyi və iqtisadiyyatı üçün çox vacibdir. Bu bədxah hərəkətlərinə görə hazırda Kanada ilə bütün ticarət danışıqları dayandırılıb", - deyə o, əlavə edib.

Daha əvvəl KİV-lərin yazdığına görə, Kanadanın əsas sənaye bölgəsi olan Ontario əyaləti Trampın bu ölkəyə qarşı tətbiq etdiyi tarifləri ləğv etmək məqsədi ilə reklam kampaniyasına başlayıb. Kampaniya, o cümlədən ABŞ mediasında Reyqanın nitqlərində rüsumları tənqid, azad ticarət prinsiplərini müdafiə etdiyi hissələr yer alan videoçarxların nümayişini nəzərdə tutub.

Reyqan ABŞ-nin respublikaçılar sırasından ən nüfuzlu və uğurlu prezidentlərindən biri hesab edilir. Kanadanın CTV telekanalının məlumatına görə, Ontario rəhbəri Daq Ford bu kampaniyaya ən azı 75 milyon Kanada dolları (53,4 milyon ABŞ dolları) ayırmağı planlaşdırırmış.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.