ABŞ-nin keçmiş vitse-prezidenti və prezidentliyə eks-namizəd Kamala Harris "107 gün" adlı kitabında seçkidə məğlub olmasının səbəbləri, eləcə də keçmiş prezident Co Baydenə qarşı incikliyi barədə açıq şəkildə yazıb.
King.Az xəbər verir ki, RBC nəşri onun kitabından sitatları paylaşıb.
Siyasətçinin fikrincə, onun məğlubiyyətinin əsas səbəbi Bayden və ətrafının həm seçkiqabağı kampaniyadan sonra, həm də vitse-prezidenti olduğu müddətdə onu boykot etməsidir.
Harris hesab edir ki, onlar çox vaxt onu ikinci plana çəkməyə çalışıblar.
"Onların heç biri başa düşmürdü ki, əgər mən uğur qazansam, deməli, o (Bayden - red.) da uğur qazanacaq. Onun yaşı ilə bağlı narahatlıqları nəzərə alsaq, mənim vitse-prezident kimi diqqətəlayiq uğurum həyati əhəmiyyət kəsb edirdi", - deyə Harris yazıb.
Harrisin sözlərinə görə, onun uğuru Baydenin onu seçməkdə düzgün qərar verdiyinə sübut olacaq və hər hansı bir hadisə baş verərsə, ABŞ-nin etibarlı əllərdə olacağını təsdiq edəcəkdi. O, uğurunun Bayden üçün vacib olduğunu, lakin komandasının bunu başa düşmədiyini vurğulayıb.