Argentina millisinin və "İnter Mayami"nin hücumçusu Lionel Messinin atası Xorxe Messinin səhhəti ilə bağlı yayılan şayiələrə ailə münasibət bildirib.
King.Az xəbər verir ki, bununla bağlı bəyanat "The Touchline"ın "X" sosial şəbəkəsindəki hesabında dərc olunub.
Bəyanatda qeyd edilir ki, Xorxe Messi hazırda müəyyən sağlamlıq problemləri ilə üzləşib və həkimlərin nəzarəti altındadır. Onun müalicəsinin davam etdiyi və vəziyyətində müsbət irəliləyişin müşahidə olunduğu vurğulanıb.
Ailə son saatlarda yayılan xəbərlər, şayiələr və fərziyyələr fonunda tamamilə şəxsi xarakter daşıyan bir məsələnin ictimai müzakirəyə çıxarılması zamanı bəzi şəxslərin həssaslıq, hörmət və dürüstlük nümayiş etdirməməsindən narahat olduğunu bildirib.
Həmçinin qeyd olunub ki, Xorxe Messinin vəziyyəti barədə dəqiq və etibarlı məlumata yalnız onun ən yaxın ailə üzvləri malikdir. Buna görə də ailənin rəsmi açıqlamaları istisna olmaqla yayılan hər hansı məlumatın doğru və etibarlı hesab edilməməsi xahiş olunub.
"Belə bir vaxtda hər kəsi məsuliyyətli, təmkinli və humanist davranmağa çağırırıq. İnsan sağlamlığı və ailənin mənəvi rahatlığı mediada spekulyasiya və ya məsuliyyətsiz müzakirə mövzusuna çevrilməməlidir. Bizə göstərilən dəstəyə, hörmətə və narahatlığa görə minnətdarıq, eyni zamanda Xorxenin və bütün ailənin şəxsi həyatına hörmətlə yanaşılmasını xahiş edirik", - deyə bəyanatda bildirilir.
Xatırladaq ki, daha əvvəl Lionel Messinin dünya çempionatının qrup mərhələsində Əlcəzair millisinin qapısına vurduğu ilk qoldan sonra göz yaşlarını saxlaya bilməməsinin səbəbi kimi atasının səhhətində yaranan problemlər göstərilmişdi.
Məlumatlarda 67 yaşlı Xorxe Messinin vəziyyətinin bu həftə pisləşdiyi iddia olunurdu.
Oxşar Mövzular
ZAWANBEATS - A.Z.E STYLE (III)
1-06-2025, 22:25Rusiya ordusunda döyüşən azərbaycanlı həlak oldu
4-05-2025, 16:43
