Ukrayna ordusu Rusiyanın paytaxtı Moskvaya PUA-larla aramsız zərbələr endirib.
King.Az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin özünün sosial şəbəkə hesablarında məlumat yayıb.
Hücumun miqyası o qədər geniş olub ki, bir neçə dron Moskvanın strateji əhəmiyyətli neft emalı zavoduna (NEZ) qədər çata bilib. Sözügedən müəssisə paytaxtın yanacaq tələbatının təxminən 40%-ni ödəyən həyati vacib infrastruktur obyektidir.
Merin sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri ardı-arası kəsilməyən zərbələri dəf etməyə davam edir. Hazırda hücumun fəsadlarının aradan qaldırılması üçün təcili tədbirlər görülür. Dron qalıqlarının düşdüyü ərazilərdə operativ xidmətlərin mütəxəssisləri yüksək hazırlıq rejimində çalışırlar.
Rusiya mediası, xüsusən də TASS agentliyi bildirir ki, bu, son iki il ərzində, yəni hərbi əməliyyatların aktiv fazası başlanandan bəri Moskvaya edilən ən irimiqyaslı PUA hücumudur.
Hərbi analitiklər bu insidenti Ukraynanın cəbhə xəttindən yüzlərlə kilometr uzaqlıqdakı strateji hədəfləri vurmaq qabiliyyətinin ciddi şəkildə artmasının göstəricisi kimi qiymətləndirirlər.
Rusiyanın "Telegram" kanalları qeyd edirlər ki, Kapotnya və qonşu rayonların sakinləri NEZ ətrafında eyni anda bir neçə güclü tüstülənmə ocağı müşahidə ediblər.
Paytaxtın Nəqliyyat Departamenti hücumdan dərhal sonra Moskvanın cənub-şərqində bir sıra küçələrdə, o cümlədən paytaxtın dairəvi avtomobil yolunda hərəkətin məhdudlaşdırıldığını elan edib. Bundan əlavə, təhlükəsizlik məqsədilə Kapotnya rayonunda avtobus marşrutlarının xətləri müvəqqəti olaraq dəyişdirilib.
Hücum Rusiya paytaxtının hava nəqliyyatını da tamamilə iflic vəziyyətinə salıb. Paytaxtın bütün hava limanları fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb, nəticədə 250-yə yaxın aviareys gecikib.
Ən böyük hava limanlarından biri olan "Şeremetyevo"da isə vəziyyət daha kritik xarakter alıb - sərnişinlər, o cümlədən təyyarənin göyərtəsində uçuş gözləyənlər təcili olaraq yeraltı sığınacaqlara təxliyə ediliblər, hava limanının girişləri isə təhlükəsizlik təmin edilənə qədər bağlanıb.
Oxşar Mövzular
UEFA Çempionlar Liqasının favorit klubu bəlli oldu
3-09-2025, 15:00Türkiyə Superliqası: "Rizespor" "Beşiktaş"a qarşı
3-01-2025, 21:58
