İraq ərazisində həyata keçirilən hərbi təlimlər zamanı ABŞ Silahlı Qüvvələrinin və Böyük Britaniyanın hərbçiləri həlak olublar.
King.Az xəbər verir ki, bu barədə "NBC News" telekanalı məlumat yayıb.
Bildirilib ki, bədbəxt hadisə mayın 31-də İraqın şimal bölgəsindəki Ərbildə yerləşən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus bazada qeydə alınıb. Həm ABŞ, həm də Böyük Britaniya rəsmiləri insidentin detallarını məxfi saxlayırlar, eyni zamanda, həyatını itirən iki hərbi qulluqçunun kimliyi də ictimaiyyətə açıqlanmır.
Xatırladaq ki, daha öncə mayın ilk günlərində Mərakeşdə təşkil edilən "Afrika şiri" təlimləri zamanı ABŞ ordusunun iki hərbçisinin qayalıqdan Atlantik okeanına yıxılaraq itkin düşdüyü barədə xəbər verilmişdi. Sonradan həmin hərbi qulluqçulardan birinin cəsədinin tapıldığı məlum olmuşdu.