Avropa İttifaqı (Aİ) və Amerika Birləşmiş Ştatlarının rəsmiləri ticarət müqaviləsinin qanunverici baza üzərindən tənzimlənməsi istiqamətində ortaq razılıq əldə ediblər.
King.Az xəbər verir ki, bu barədə Avropa Xalq Partiyası (AXP) fraksiyasının danışıqlardakı əsas adamı - Avropa Parlamentinin deputatı Jelana Zovko özünün sosial şəbəkə hesabında paylaşıb.
"Biz razılığa gəldik! Transatlantik ticarət böhranının təhlükəli şəkildə kəskinləşməsinin qarşısını alındı, eyni zamanda Atlantik okeanının hər iki sahilində fəaliyyət göstərən Avropa müəssisələrinin, qoyulan sərmayələrin və milyonlarla iş yerinin təhlükəsizliyi təmin olundu", - deyə parlament təmsilçisi qeyd edib.
J.Zovko onu da vurğulayıb ki, o, hələ prosesin başlanğıcından Avropa dövlətlərinin mühüm strateji və iqtisadi müttəfiqi sayılan ABŞ ilə Aİ-nin hər hansı bir ticarət müharibəsinə tab gətirə bilməyəcəyini bildirib.
Deputatın sözlərinə görə, qeyri-sabitliyin daha da artdığı bir dövrdə sadiq dostlar düşmən mövqeyinə keçməməli, əksinə tərəfdaşlıqlarını qorumalıdırlar.
Xatırladaq ki, mayın ilk günlərində Avropa İttifaqının ticarət üzrə komissarı Maroş Şefçoviç ilə amerikalı həmkarı Ceymison Qrir arasında Parisdə baş tutan və ABŞ-ın Avropa avtomobillərinə tətbiq etdiyi rüsumlara həsr olunan müzakirələrin nəticəsiz qaldığı bildirilmişdi. Verilən xəbərlərə görə, Şefçoviç daha öncə əldə olunmuş şərtlərə təcili qaydada geri dönməyi təklif etsə də, Qrir ABŞ rəhbərliyinin Avropadan gətirilən avtomobillərə 25 faizlik gömrük rüsumu tətbiq etmək qərarını ləğv etməkdən boyun qaçırmışdı.
Oxşar Mövzular

