ABŞ Prezidenti Donald Tramp özünün səlahiyyət müddəti başa çatdıqdan sonra respublikaçıların ölkəni idarə etmək üçün "ideal komanda" təqdim edə biləcəklərini diqqətə çatdırıb. O, vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubionu qarşıdan gələn seçkilərdə güclü namizədlər kimi göstərib.
King.Az-ın xəbərinə görə, bu barədə "The Hill" nəşri yazıb.
Tramp polis əməkdaşları həftəsi çərçivəsində Ağ Evin "Gül bağı"nda keçirilən şam yeməyi zamanı bildirib:
"Cey Di, bu şəxs sən ola bilərsən. Bir çox başqa insanlar da var. Bu, Cey Di olacaq, yoxsa başqa birisi? Mən bilmirəm".
Tədbirdə ABŞ prezidenti toplaşanlardan iki siyasətçidən hansına - Vens və ya Rubioya üstünlük verdiklərini ifadə etmələrini istəyib. Alqışlardan sonra Tramp onları "arzuların komandası" adlandırıb. Lakin kimin prezident, kimin vitse-prezident olacağını düşünməsinə dair dəqiq şərh verməyib.
"Bülleten üçün əla səslənir: Cey Di və Marko. İdeal namizədlər. Yeri gəlmişkən, mən inanıram ki, bu, arzuların komandasıdır", - deyə o vurğulayıb.
Qeyd edək ki, respublikaçılar 2028-ci ilin noyabr seçkisindən əvvəl prezidentliyə yeni namizədi müəyyən etməli olacaqlar, çünki ABŞ Konstitusiyasına görə, Tramp üçüncü müddətə namizədliyini irəli sürə bilməz.