Paris prokurorluğu iş adamı İlon Mask və onun "X" şirkətinə qarşı ilkin araşdırmalara başlayıb.
King.Az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Le Monde" nəşri məlumat yayıb.
"Mayın 6-da Paris prokurorluğu "X" sosial şəbəkəsinin ana şirkətinə, onun rəhbəri İlon Maska və 2025-ci ilin yayına qədər baş direktor vəzifəsində çalışmış Linda Yakkarinoya qarşı ilkin təhqiqat başladıb", - deyə məlumatda qeyd olunub.
Bildirilir ki, bu addım İlon Maskın aprelin 20-də dindirilmək üçün Paris prokurorluğunun çağırışına məhəl qoymamasından sonra atılıb. Təhqiqat "X"in sabiq baş direktoru Linda Yakkarinonu da əhatə edir.
"X" şirkətinin vəkili Kami Aeri nəşrin sorğusunu cavabsız qoyub.
Məlumata görə, bundan əvvəl Maska "X"in fəaliyyəti ilə bağlı dinləmələrdə iştirak etmək üçün Fransadan göndərilən dəvətə məhəl qoymamaq tövsiyə olunmuşdu.
Bir müddət əvvəl prokurorluq Avropol və Fransa jandarmının kibercinayətkarlıqla mübarizə bölməsi ilə birlikdə "X"in Fransadakı ofislərində axtarışlar aparıldığını açıqlamışdı.
"Agence France-Presse"in məlumatına görə, bu addım sosial şəbəkənin alqoritmlərinin fəaliyyəti ilə bağlı şikayətlər əsasında 2025-ci ilin yanvarında başlanmış araşdırma çərçivəsində həyata keçirilib.
Bundan əlavə, platformaya inteqrasiya olunmuş "Grok" çatbotunun Holokostun inkarı ilə bağlı materiallar və süni intellekt vasitəsilə yaradılmış intim xarakterli təsvirlər yaymasına dair şikayətlər də araşdırmanın predmetinə çevrilib.
Oxşar Mövzular

Hollivud aktyoru Corc Kluni Fransa vətəndaşlığını alıb
30-12-2025, 14:33
