Milli Məclis "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol"u bir oxunuşda qəbul edib.
King.Az xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü plenar iclasında müzakirə olunub.
Layihəyə əsasən, qərarın və ya məhkəmə əmrinin məcburi icrasına dair vəsatət qərarın və ya məhkəmə əmrinin icra olunacağı razılığa gələn tərəfin səlahiyyətli məhkəməsinə təqdim ediləcək. O, həmçinin iş üzrə qərarı və ya məhkəmə əmrini birinci instansiyada çıxarmış məhkəməyə də verilə bilər. Bu məhkəmə vəsatəti vəsatət üzrə qərar çıxarmaq səlahiyyətinə malik olan məhkəməyə göndərəcək.
Həmçinin protokola onun qüvvəyə minməsindən sonra digər dövlətlər bütün razılığa gələn tərəflərin razılığı ilə depozitariyə qoşulma ilə bağlı sənədlərin təqdim edilməsi yolu ilə qoşula bilərlər. Qoşulma depozitari tərəfindən belə qoşulmaya razılıq haqqında sonuncu bildirişin alındığı tarixdən 30 gün keçdikdən sonra qüvvəyə minmiş hesab ediləcək.
