İran hərbi əməliyyatlar nəticəsində dəymiş fiziki və mənəvi zərərə görə beş ərəb dövlətindən kompensasiya almaq niyyətindədir.
King.Az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Əmir Səid İravani bəyan edib.
"Biz regionun beş ölkəsindən - Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ və İordaniyadan ABŞ və İsrailin İrana qarşı müharibəsində iştirakına görə kompensasiya tələb edirik", - deyə İravani bildirib.
Diplomat vurğulayıb ki, rəsmi Tehran sözügedən ölkələr müharibədə İsrail və ABŞ ilə əlbir olduqlarına və İran qarşısındakı öhdəlikləri pozduqları üçün onlardan təzminat tələb etmək niyyətindədir.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.
Oxşar Mövzular

İsraildə "xüsusi vəziyyət" tətbiq edildi
23-09-2024, 22:50