Bazar ertəsi
Apr 13

Büdcə icrası və layihəsi üzrə uyğunsuzluq aşkarlanıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Azərbaycanda büdcə icrası və layihəsi üzrə 299.1 milyon manatlıq uyğunsuzluq aşkarlanıb.

Oxu.az xəbər verir ki, bu, Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatda əskini tapıb.

Qeyd olunub ki, 2024-cü ilin dövlət büdcəsinin icrasına rəy üzrə uyğunsuzluqlar arasında dövlət büdcəsi gəlirlərinin iki uçotu üzrə fərq 6.8 milyon manat təşkil edib.

Xərclərin funksional təsnifatında uyğunsuzluqlar 290 milyon manat, tanınmayan gəlirlər isə 2.4 milyon manat olub.

Eyni zamanda, ləğv edilmiş hüquqi aktlara görə tutulmuş dövlət rüsumlarının məbləği 5.3 milyon manat göstərilib, bölgüsü aparılmamış xərclərin təyinatı üzrə istifadə edilməməsi və ya uyğun olmayan istiqamətlərə yönəldilməsi isə 45 milyon manat təşkil edib.

2026-cı ilin dövlət büdcəsinin layihəsinə rəy üzrə hesablamalarda da uyğunsuzluqlar müəyyənləşib. Xərclərin vahid büdcə təsnifatına uyğun nəzərdə tutulmaması ilə bağlı uyğunsuzluqlar 236.3 milyon manat olub. Bundan əlavə, layihəyə təsir edən uyğunsuzluq məbləği 160.4 milyon manat təşkil edib.

İqtisadi təsnifat üzrə icmal büdcə xərclərində uçota alınan ümumi uyğunsuzluq məbləği isə 299.1 milyon manat göstərilib.

Büdcə prosesi üzrə ümumilikdə 136 tövsiyə verilib. Onlardan 60-ı 2024-cü ilin dövlət büdcəsinin icrasına, 7-si Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin icrasına, 38-i 2026-cı ilin dövlət büdcəsinin layihəsinə, 11-i İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcəsinin layihəsinə, 12-si DSMF-nin 2026-cı il büdcəsinin layihəsinə, 8-i isə Dövlət Neft Fondunun 2026-cı il büdcəsinin layihəsinə rəy üzrə təqdim edilib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.