Bazar ertəsi
Apr 13

Peruda prezident seçkisinin müddəti logistik problemlərə görə uzadılıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Peruda keçirilən prezident seçkisi bəzi məntəqələrin fəaliyyətini dayandıran logistik problemlər səbəbindən daha bir gün uzadılıb.

King.Az xəbər verir ki, bu barədə məlumatı ölkənin Milli Seçki Şurası yayıb. Bildirilib ki, səsvermə məntəqələrinin iş vaxtı aprelin 13-də səhər saat 07:00-dan saat 18:00-dək uzadılıb.

Məlumata görə, qərar səsvermə materiallarının vaxtında çatdırılmadığı 211 məntəqəyə aiddir. Bunlar, əsasən, paytaxt regionunda və ABŞ-də yerləşən məntəqələrdir. Baş vermiş nasazlıq səbəbindən 63 min nəfər öz səsvermə hüququndan istifadə edə bilməyib. Seçki orqanları Peru vətəndaşlarının bazar ertəsi günü səsvermə məntəqələrinə gedə bilməsi üçün Əmək Nazirliyinə müraciət edərək çalışan şəxslərə şərait yaradılmasını xahiş ediblər.

"Exit poll"un nəticələrinə əsasən, Latın Amerikası ölkəsində dövlət başçısı seçkisinin qalibi ancaq ikinci turda məlum olacaq, çünki ilk turda namizədlərdən heç biri qələbə üçün tələb olunan 50%-dən çox səsi toplaya bilməyib. Peruda prezident postuna tarix ərzində ən çox - 35 namizəd iddia edir, deputatlar palatası və senatdakı yerlər üçün isə 7 220 nəfər mübarizə aparır. Ölkə 33 ildən sonra yenidən ikipalatalı parlament sisteminə qayıdacaq. Fevral ayında Peru parlamenti ölkə Prezidenti Xose Xeriyə etimadsızlıq votumu elan edərək onu vəzifəsindən kənarlaşdırmışdı. O, son 10 il ərzində Perunun səkkizinci prezidenti idi.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.