Çərşənbə
Apr 01

Paşinyana hücum edən şəxs həbs olundu

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Ermənistanda martın 29-da keçirilən liturgiyadan sonra Ermənistanın baş naziri Nikol Paşinyana əl qaldırmağa cəhd edən məktəbli David Minasyan məhkəmənin qərarı ilə iki ay müddətinə həbs edilib.

King.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə onun vəkili Armen Melkonyan jurnalistlərə məlumat verib.

"12-ci sinif şagirdinin həbsini zəruri hesab etdilər (Ermənistanda məktəbdə təhsil müddəti 12 ildir - red.)", - deyə Melkonyan bildirib.

O əlavə edib ki, hələ ki məhkəmənin bu qərar üçün əsaslandırması yoxdur, lakin tezliklə dərc olunacaq. Vəkil, həmçinin müdafiə tərəfinin həbs qərarından apellyasiya şikayəti verəcəyini də qeyd edib.

Daha əvvəl Ermənistan İstintaq Komitəsi David Minasyana qarşı Cinayət Məcəlləsinin 297-ci maddəsinin 1-ci hissəsi (xuliqanlıq) və 452-ci maddəsinin 3-cü hissəsi (vəzifəli şəxsin qanuni xidməti və ya siyasi fəaliyyətinə müdaxilə) üzrə cinayət işinin açıldığını bildirmişdi.

Xatırladaq ki, martın 29-da Ermənistan Daxili İşlər Nazirliyi İrəvandakı Müqəddəs Anna kilsəsində bazar günü keçirilən liturgiyadan sonra üç vətəndaşın saxlanıldığı barədə məlumat vermişdi. Gənc oğlan Ermənistan baş naziri Nikol Paşinyana kilsədən çıxmaq üçün çıxışa yaxınlaşarkən zərbə endirməyə cəhd etmişdi.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.