Bazar ertəsi
Mar 23

ABŞ İranın Xarq adasını ələ keçirmək üçün prosesi sürətləndirib?

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ İranın Xarq adasını ələ keçirmək üçün Dəniz Piyadaları Korpusu və Dəniz Qüvvələri bölmələrinin Yaxın Şərqdə yerləşdirilməsi prosesini sürətləndirib.

King.Az-ın məlumatına görə, bu barədə "The Jerusalem Post" mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, ABŞ-nin yüksəkvəzifəli rəsmiləri bu yaxınlarda İsrail və digər ölkələrdəki həmkarlarına ABŞ-nin Xarq adasını ələ keçirmək üçün quru hərbi əməliyyatına başlamaqdan başqa çarəsi qalmayacağını bildiriblər. ABŞ-li rəsmi "The Jerusalem Post"a təsdiqləyib ki, ABŞ ordusu minlərlə dəniz piyadasının Yaxın Şərqdə yerləşdirilməsi prosesini sürətləndirib.

"Axios" bundan əvvəl mənbələrə istinadən ABŞ administrasiyasının Xarq adasını dəniz blokadasına salmağı və ya tamamilə tutmağı nəzərdən keçirdiyini bildirib. Nəşrin məlumatına görə, bununla da Vaşinqton İranı Hörmüz boğazını açmağa məcbur edəcəyinə ümid edir.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.