Çərşənbə
Mar 11

Ofis işçilərinin həyatı asanlaşır: "Microsoft"dan gözlənilən xəbər

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Microsoft" şirkəti istifadəçinin adından mürəkkəb tapşırıqları icra edə bilən "Copilot Cowork" adlı yeni süni intellekt (Sİ) agentini təqdim edib.

King.Az şirkətin rəsmi saytına istinadən xəbər verir ki, bu alət gündəlik iş proseslərini tamamilə avtomatlaşdırmaq üçün hazırlanıb.

"Copilot Cowork" proqramı "Outlook", "Teams", "Excel", "PowerPoint" və "SharePoint" tətbiqləri ilə tam inteqrasiya olunmuş şəkildə çalışır. O, elektron məktubları, təqvimi, iş çatlarını və sənədləri analiz edərək eyni anda bir neçə tətbiqdə tapşırıqları yerinə yetirə bilir.

Süni intellekt təqvimi analiz edərək üst-üstə düşən görüşləri müəyyənləşdirə və optimallaşdırılmış cədvəl təklif edə bilir. Bundan əlavə, iş görüşləri üçün analitik hesabatlar, sənədlər və təqdimatlar avtomatik hazırlanır. Agent həmçinin maliyyə hesabatları, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının sənədləri, analitik şərhlər və xəbərlər kimi müxtəlif mənbələrdən şirkətlər haqqında məlumat toplayaraq onları qısa xülasə, analitik hesabat və ya cədvəl formasında təqdim edə bilir.

Hazırda "Copilot Cowork" test mərhələsindədir. Alətin 2026-cı ilin martının sonunda "Microsoft Frontier" proqramının iştirakçıları üçün əlçatan olması gözlənilir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.