Gənclik hər bir cəmiyyətin enerjisi, dəyişən dünyanın ritmini tutan əsas qüvvəsidir. Bu gün Azərbaycan gəncliyi təkcə gələcəyə ümid deyil, eyni zamanda iqtisadi, sosial və ictimai proseslərin fəal iştirakçısı kimi formalaşır. Qlobal çağırışların, rəqabətli iqtisadi mühitin və sürətlə dəyişən texnoloji dövrün fonunda gənclərin rolu daha aydın və daha məsuliyyətli xarakter alır.Dövlətin gənclərə göstərdiyi diqqət və qayğı, onların təhsilinə, məşğulluğuna və sahibkarlıq fəaliyyətinə yaradılan imkanlar gənc nəslin potensialını üzə çıxarmağa xidmət edir. Bu prosesdə isə həm dövlətlə yanaşı, öz şəxsi fəaliyyəti, təşəbbüskarlığı və sosial məsuliyyət anlayışı ilə seçilən gənc liderlərin mövqeyi xüsusi əhəmiyyət daşıyır.
Məhz bu kontekstdə gənc iş adamı, xeyriyyəçi, AIY GROUP şirkətlər qrupunun sahibi və Vale Tudo İdman Federasiyasının fəxri prezidenti Ayxan Baxşəlizadə ilə söhbətləşdik. Gənclərin cəmiyyətdə və iqtisadiyyatda rolu, Azərbaycanda gənc sahibkarlar üçün mövcud imkanlar və uğurlu gəncin əsas xüsusiyyətləri ilə bağlı suallarımızı müsahibimizə ünvanladıq.
— Gənclərin cəmiyyətdə və iqtisadiyyatda rolunu necə qiymətləndirirsiniz?
— Gənclər bu gün cəmiyyətimizin və iqtisadiyyatımızın təkcə gələcəyi deyil, artıq bu günkü əsas hərəkətverici qüvvəsidir. Onlar yeni ideyaların, innovativ yanaşmaların, rəqəmsal transformasiyanın və sahibkarlıq ruhunun daşıyıcılarıdır. Gənclərin enerjisi, biliklərə açıq olmaları və qlobal düşüncə tərzi ölkəmizin davamlı inkişafında mühüm rol oynayır.
Dövlət siyasətinin əsas prioritetlərindən biri də gənclərin təhsilinə, məşğulluğuna və öz potensiallarını reallaşdırmalarına geniş imkanlar yaratmaqdır. Çünki iqtisadiyyat yalnız kapital və resurslarla deyil, savadlı, təşəbbüskar və məsuliyyətli insanlarla inkişaf edir. Gənclər həm cəmiyyətin sosial dayağı, həm də iqtisadi rəqabət qabiliyyətimizin əsas təminatçısıdır. Onlara investisiya etmək, əslində ölkənin sabahına investisiya etmək deməkdir.
— Azərbaycanda gənc sahibkarlar üçün mövcud imkanları yetərli hesab edirsinizmi?
— Azərbaycanda gənc sahibkarlar üçün imkanlar mövcuddur və bu imkanlar ardıcıl dövlət siyasəti nəticəsində formalaşıb. Ümummilli Lider Heydər Əliyevin 1997-ci il tarixli sərəncamı ilə Gənclər Gününün təsis edilməsi gənclərə verilən dəyərin strateji əsasını qoydu. Bu siyasət bu gün də onun layiqli davamçısı, cənab Prezident İlham Heydər oğlu Əliyev tərəfindən böyük məsuliyyət və ardıcıllıqla davam etdirilir.
Hazırda güzəştli maliyyə mexanizmləri, sahibkarlığın təşviqi və gənclərin biznes mühitinə inteqrasiyası bu siyasətin əsas tərkib hissəsidir. Əlbəttə, məqsədimiz bu imkanları daha da genişləndirmək və gənclərin real iqtisadi subyektə çevrilməsini təmin etməkdir.
— Sizcə, uğurlu gəncin əsas xüsusiyyətləri nələrdir?
— Məncə, uğurlu gəncin əsas xüsusiyyətləri vətənpərvərlik, bilik və məsuliyyət hissidir. Uğurlu gənc yalnız şəxsi nailiyyətlərini deyil, eyni zamanda cəmiyyət qarşısında üzərinə düşən məsuliyyəti də dərk etməlidir. Daim öz üzərində çalışan, dəyişən dünyaya uyğunlaşmağı bacaran gənclər hər zaman irəli gedirlər.
Eyni zamanda intizam, əməksevərlik və sağlam dəyərlərə sadiqlik uğurun əsas şərtləridir. Məhz bu keyfiyyətlərə sahib olan gənclər ölkənin sosial və iqtisadi inkişafına real töhfə verə bilirlər.
