ABŞ İrana zərbə endirmək planı çərçivəsində mümkün hədəflər barədə Avropadakı müttəfiqlərindən kəşfiyyat məlumatları istəyib.
King.Az xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti məlumat yayıb.
Avropa rəsmilərinin bildirdiyinə görə, Tramp administrasiyasının nümayəndələri onlardan İrandakı mümkün hədəflər barədə kəşfiyyat məlumatını paylaşmalarını istəyiblər. WP-nin mənbəsinin sözlərinə görə, hazırda "zərbənin nüvə obyektlərini hədəf alacağına dair heç bir işarə yoxdur".
Yanvarın 13-də Ağ Evdə ABŞ-nin vitse-prezidenti Cey Di Vensin sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclası keçirilib və Trampa İrandakı vəziyyətlə bağlı variantlar təqdim edilib.
Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib - şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.
İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, etirazçılar paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar. İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib.