Çərşənbə
Yan 07

Atlantik okeanda "qaçdı-tutdu": ABŞ Rusiya tankerinə qarşı əməliyyatı niyə dayandırdı?

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"ABŞ gəmiləri iki həftədən çoxdur ki, "Rusiya bayrağı" ilə üzən tankeri təqib edir və ona basqın etməyə hazırlaşır".

King.Az-ın xəbərinə görə, bu barədə ABŞ-nin "Wall Street Journal" nəşrinin dərc etdiyi materialda bildirilib.

Nəşrin məlumatına görə, Rusiya daha əvvəllər "Bella 1" kimi tanınan "Marinera" tankerini qorumaq üçün Şimali Atlantikaya sualtı qayıq və digər gəmilər göndərib.

Bildirilir ki, dekabrın 21-də Venesuelaya getdiyi ehtimal edilən bu gəmi ABŞ Sahil Mühafizəsinin yoxlamasından yayınmaq üçün Venesuela sahillərindən geri dönüb və tam sürətlə Atlantik okeanına doğru yola düşüb.

ABŞ gəmiləri və aviasiyası tankeri izləyərək ona hücum etməyə hazırlaşıblar, lakin dekabrın 31-də ekipaj elə birbaşa gəminin göyərtəsinə Rusiya bayrağının şəklini çəkib və onun Rusiyanın yurisdiksiyası altında olduğunu bəyan edib. Buna qədər isə ABŞ mənbələrinin məlumatına görə, gəmi ümumiyyətlə bayraqsız üzürmüş.

Belə bir demarş ABŞ-liləri vəziyyət aydınlaşana qədər əməliyyatı dayandırmağa məcbur edib.

Yanvarın 1-də gəmi Soçi limanı qeydiyyatı ilə "Marinera" adı altında Rusiyanın dövlət gəmi reyestrinə daxil edilib.

Daha əvvəl isə "The New York Times" qəzeti yazmışdı ki, gəminin heyəti Rusiya, Ukrayna və Hindistan vətəndaşlarından ibarətdir.

ABŞ iddia edir ki, "Marinera" gəmisi hələ "Bella 1" olduğu vaxtlardan İran neftini Venesuelaya daşıyırdı və bununla da hər iki ölkəyə qarşı çoxsaylı sanksiyaları pozurdu. ABŞ xüsusi xidmət orqanlarının diqqətini isə gəmi hələ 2024-cü ildə çəkmişdi ki, o zaman "Panama" adlanırdı və eyni şəkildə İran neftini daşıyırdı.

KİV ABŞ məmurlarına istinadən yazır ki, tankeri batırmaqdansa, onu ələ keçirməyə üstünlük verilir.

Qeyd edək ki, dekabr ayında oxşar əməliyyat zamanı ABŞ Venesueladakı limandan yola düşən Qayana bayrağı altında üzən tankeri ələ keçirib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.