Yaponiyada sərgidə insanların duş alması üçün nəzərdə tutulan qəribə avadanlıq nümayiş olunub.
King.Az "Barron"s" nəşrinə istinadən xəbər verir ki, cihaz 1970-ci ildə "Science" şirkəti tərəfindən təqdim edilən məhsulun təkmilləşdirilmiş versiyasıdır.
Məlumata görə, bu cihazdan istifadə edənlər 2,3 metr uzunluğunda olan kapsulun içərisində yuyunacaqlar.
Yuyunduqdan sonra qurutma sistemi avtomatik olaraq işə düşür. Bütün yuma və qurutma dövrü təxminən 15 dəqiqə davam edir.
Kapsulun içərisində rahatlaşdırıcı vizualizasiyalar və musiqi səsləndirilə bilər. Daxili sensorlar istifadəçinin vəziyyətini, o cümlədən ürək döyüntüsünü və bədən mövqeyini izləyir və fərdi tənzimləmələrə imkan verir.
İstehsalçılar hesab edirlər ki, belə bir "paltaryuyan maşın" müntəzəm duş qəbul etməkdə çətinlik çəkən yaşlı insanlar və ya hərəkət qabiliyyəti məhdud olan şəxslər üçün faydalı ola bilər.
Osakadakı bir hotel ağlagəlməz funksiyaya malik avadanlıqdan 1 ədəd alıb. Onlar bu xidməti hotelin qonaqlarına təqdim etməyə hazırlaşırlar.
Qəribə cihazdan hələlik cəmi 50 ədəd istehsal ediləcəyi planlaşdırılır. Qiyməti açıqlanmasa da, yerli media məhsulun pərakəndə satış qiymətinin 60 milyon yen (təxminən 652 min manat) olacağını yazıb.