0
Cümə
Noy 21

Pentaqon Ukraynaya ayrılmış yardımın 30 milyon dollarını ABŞ-də mineralların istehsalına yönləndirdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ Hərb Nazirliyi 2022-ci ildə Ukraynaya dəstək üçün ayrılmış təqribən 30 milyon dolları strateji əhəmiyyətli mineralların - qalliumla skandiumun ölkə daxilində təchizatına yönləndirmək qərarına gəlib.

King.Az xəbər verir ki, bu barədə "Kommersant" yazıb.

"ElementUS Minerals" şirkəti Müdafiə İstehsalı haqqında Qanun çərçivəsində 29.9 milyon dollar məbləğində qrant alacaq. Şirkət bu vəsaiti Luiziana ştatının Qremersi şəhərində qallium və skandiumun mövcud sənaye tullantılarından çıxarılması və təmizlənməsi müəssisəsinin tikintisinə yönəldəcək. Bundan əlavə, "ElementUS Minerals" Texasdakı müəssisəsində bir sıra işlər aparacaq.

Pentaqonun bildirdiyinə görə, qallium və skandium ABŞ-də raket əleyhinə müdafiə sistemlərinin, sensorların, qırıcı təyyarə və hipersəs silahlarının hazırlanması üçün lazımdır. Yeni təşəbbüs strateji materialların öz resurslarının inkişafı vasitəsilə ABŞ-nin texnoloji müstəqilliyini artırmağa və milli təhlükəsizliyini gücləndirməyə yönəlib.

2022-ci ilin mayında ABŞ-nin keçmiş prezidenti Co Bayden Ukraynaya dəstək üçün 40.1 milyard dolların ayrılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Bu məbləğin 23.75 milyard dolları hərbi ehtiyaclara, o cümlədən silah tədarükünə, ABŞ ordusunun ehtiyatlarının yenilənməsi üçün müqavilələrə, həmçinin NATO-nun şərq cinahının gücləndirilməsi üçün müttəfiqlərin dəstəklənməsinə yönəldilib. Bu paketdən 9 milyard dollar Ukraynanın iqtisadiyyatının dəstəklənməsinə, 6.58 milyard dollar isə humanitar yardımın göstərilməsinə ayrılıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.