Türkiyə Ticarət Nazirliyi İstanbulun Üsküdar rayonunda fəaliyyət göstərən bir müəssisəni çayın yanında verilən limon üçün 10 lirə (40 qəpik) tələb etdiyinə görə cərimələyib.
King.Az-ın "Haber Global"a istinadən verdiyi xəbərə görə, bu barədə Ticarət Nazirliyinin mətbuat müşaviri Bekir Kaplan məlumat verib.
Onun sözlərinə görə, müəssisədə aşkar edilən ümumilikdə 12 qayda pozuntusuna görə ümumi məbləği 37 992 lirə (təxminən 1 525 manat) olan inzibati cərimə tətbiq edilib.
Bekir Kaplan bildirib ki, son vaxtlar bəzi KİV-də çayla verilən limon üçün 10 lirə ödəniş alınması barədə yayılan xəbərlərdən sonra araşdırma aparılıb. Yoxlama nəticəsində müxtəlif qanun pozuntuları müəyyən edilib və istehlakçıların hüquqlarının qorunması üçün müvafiq tədbirlər görülüb.