"Ötən gün Ramiz müəllimi süni nəfəs aparatından ayırıblar, amma bu, bir növ test xarakterlidir".
King.Az bildirir ki, bunu Oxu.Az-a açıqlamasında Xalq artisti, tarzən Ramiz Quliyevin oğlu, Əməkdar artist Əyyub Quliyev deyib.
"Bundan əvvəl də bir dəfə onu süni nəfəs aparatından ayırmışdılar, sonra gördülər ki, aparatdan istifadə daha məqsədəuyğundur. İndi bir də test kimi aparatdan ayırıblar. İndiki halda gedişat yaxşı görünür.
Normal reaksiya verir, özü nəfəs alıb-verə bilir. Ağciyərində infeksiya, bəlğəm var və ciyərlər dolmasın deyə özü nəfəs almalıdır. Həkimlər deyir ki, bu gün bir də yoxlayacağıq, nəzarət edəcəyik vəziyyətə. Təki heç süni nəfəs aparatına ehtiyac qalmasın. Ondan sonra yavaş-yavaş digər prosedurlar həyata keçiriləcək.
Onu da dedilər ki, bir neçə gün də reanimasiyada qalmalıdır. Hələlik göstəricilər yaxşıdır, ümid edək ki, daha yaxşı olacaq", - deyə Ə.Quliyev vurğulayıb.
Xatırladaq ki, Xalq artisti Ramiz Quliyev səhhətinin pisləşməsi ilə əlaqədar sentyabrın sonunda Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.