Çərşənbə
İyn 24

Peşəkar Futbol Liqası klublara 2 milyon 610 min manat ödəyib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Peşəkar Futbol Liqası (PFL) Azərbaycan futbolunda ilk dəfə tətbiq olunan yeni təşviq mexanizmi çərçivəsində klublara ödənişləri həyata keçirib.

King.Az xəbər verir ki, bu barədə PFL məlumat yayıb.

AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, Premyer Liqada iştirak edən klubların sifariş vərəqəsində yer alan legioner futbolçular üzrə ödənilən rüsumlar hesabına formalaşan bonus fondu komandalar arasında bölüşdürülüb.

Bölgü yerli futbolçuların meydana çıxdığı dəqiqələr əsasında aparılıb. Mövsüm ərzində PFL tərəfindən müvafiq hesablamalar aparılıb, bütün göstəricilər təhlil olunub və yekun nəticələr AFFA İcraiyyə Komitəsinin təsdiqlədiyi meyarlara uyğun müəyyənləşdirilib.

İcraiyyə Komitəsinin qərarına əsasən, bonus fondunun həcmi minimum bir milyon manat olaraq nəzərdə tutulsa da, PFL tərəfindən klubların hesabına ümumilikdə 2 milyon 610 min manat köçürülüb.

Yekun bölgüdə ilk pillədə "Qəbələ" klubu qərarlaşıb. Daha əvvəl elan olunduğu kimi, klub hesablanmış məbləğə əlavə olaraq 50 min manat həcmində xüsusi bonus da əldə edib.

Klublara köçürülən vəsaitlərin məbləği və bölgünün bütün detalları təqdim olunan cədvəldə öz əksini tapıb.

PFL ümid edir ki, ilk dəfə tətbiq edilən bu təşviq mexanizmi klubların maliyyə dayanıqlığının gücləndirilməsinə, növbəti mövsüm üçün büdcələrinin formalaşdırılmasına, yerli futbolçuların inkişafının stimullaşdırılmasına və Azərbaycan futbolunun davamlı inkişafına mühüm töhfə verəcək.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.