Bazar ertəsi
May 25

Ebola təhlükəsi: Konqo Demokratik Respublikası DÇ-2026-da iştirak edə biləcək?

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) və Konqo Demokratik Respublikasının Futbol Federasiyası (FECOFA) ölkə yığmasının oyunçuları və məşqçilər heyətinin Ebola virusu epidemiyası fonunda sanitar tədbirlərə əməl etdiyi və dünya çempionatında iştirak üçün ABŞ-yə rahatlıqla daxil ola biləcəyi qənaətinə gəlib.

King.Az xəbər verir ki, bu barədə FECOFA-nın Mətbuat Xidməti məlumat yayıb.

"FECOFA epidemiya ilə bağlı risklərin qarşısını almaq və ABŞ hökuməti tərəfindən tətbiq edilən sanitar protokola riayət etmək üçün bütün tədbirləri gördüyü barədə FIFA-nı məlumatlandırıb, - deyə bəyanatda bildirilir.

FECOFA aydınlaşdırıb ki, dünya çempionatında iştirak üçün seçilmiş bütün oyunçular, həmçinin məşqçilər heyətinin böyük bir hissəsi Avropada yaşayır və işləyir, buna görə də onların ehtimal olunan infeksiyaya yoluxması ilə bağlı narahatlığa heç bir əsas yoxdur:

"Kinşasanı tərk edərək təlim-məşq toplanışı üçün Belçikaya yollanan texniki heyət üzvlərinə gəldikdə, onlar mayın 20-də ölkədən ayrılıblar və ABŞ-yə yola düşməzdən əvvəl ən azı 21 gün Avropada qalacaqlar. Beləliklə, bu görüşün yekunlarına əsasən, FECOFA və FIFA oyunçuların və məşqçilər heyətinin ABŞ hakimiyyəti tərəfindən tətbiq edilən sanitar tədbirlərə riayət etdiyi qənaətinə gəlib, ölkə nümayəndə heyəti dünya çempionatına hazırlıqdan ruhlanıb", - deyə federasiyadan qeyd olunub.

Qeyd edək ki, qarşıdan gələn dünya çempionatında Konqo DR yığması Portuqaliya, Özbəkistan və Kolumbiya komandaları ilə birlikdə K qrupunda çıxış edəcək.

Xatırladaq ki, Ebola virusunun hazırkı yayılma episentri Konqo DR-in şərqindəki İturi əyalətinin ərazisində yerləşir. Orada ilk ölüm halı aprelin 24-də qeydə alınıb. Epidemiyanın əyalətin inzibati mərkəzi olan Bunia şəhərinə bitişik ərazidə qızıl hasilatı ilə məşğul olan mədənçilər arasında başladığı ehtimal edilir. Konqo DR-in səhiyyə xidməti mayın 5-də İturidən ilk həyəcan siqnallarını alıb. Doqquz gün sonra konqolu həkimlər epidemiyanın törədicisini - nə vaksini, nə də xüsusi dərmanı olan "Ebola-Bundibuqio" virusunu aşkar ediblər. Konqo DR və qonşu Uqandada dərhal qızdırma epidemiyasının başlandığı elan edilib. Mayın 17-nə keçən gecə Ümumdünya Səhiyyə Təşkilatı bu iki ölkədəki Ebola qızdırması epidemiyasını beynəlxalq səviyyəli fövqəladə hal kimi tanıyıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.