Argentinalı futbol əfsanəsi Dieqo Maradonanın həkimləri onun ailəsinə evdə müalicə üçün hər cür şəraitin yaradılacağına söz versələr də, futbolçunun otağı lazımi səviyyədə təchiz edilməyib.
King.Az "İnfobae" portalına istinadənxəbər verir ki, bu barədə Maradonanın arvadı (kiçik oğlunun anası) Veronika Oxeda futbolçunun ölümü ilə bağlı iş üzrə keçirilən dinləmələrdə şahid qismində çıxış edərkən bildirib.
"Bizi əmin etdilər ki, ev şəraitində hər cür ləvazimat olacaq. Hakimlərə təqdim etdiyim səs yazısında da bu fakt öz əksini tapıb. Vəd verilsə də, reallıqda heç nə, hətta adi təzyiq ölçən aparat belə yox idi", - deyə Veronika Oxeda məhkəmə ifadəsində qeyd edib.
Oxeda, həmçinin əlavə edib ki, Maradona ölümündən bir həftə əvvəl çox pis və şişkin görünüb, eyni zamanda aqressiv davranışlar nümayiş etdirib.
İş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən futbolçunun psixoloqu Karlos Dias isə ifadəsində Maradonanın qeyri-sabit olduğunu vurğulayıb. Mütəxəssis hətta futbolçuda bipolyar pozuntu olduğunu da iddia edib.
Bununla belə, ölümündən cəmi bir ay əvvəl Maradonanın alkoqol asılılığını müalicə etmək üçün işə götürülən Dias futbolçunun həqiqətən də içkini tərgitmək istədiyini diqqətə çatdırıb:
"Noyabrın 12-də psixiatr Aqustina Kosaçevlə birlikdə ona baş çəkdik. Maradona yaxşı görünürdü. Onun şüuru tam aydın idi, ünsiyyətə açıq idi və sağalmaq üçün böyük istək nümayiş etdirirdi".
Xatırladaq ki, 2022-ci ilin iyununda Argentinanın Baş Prokurorluğu səkkiz tibb işçisinə ağırlaşdırıcı hallarda ehtiyatsızlıqdan adamöldürmə maddəsi ilə ittiham irəli sürüb. Onları 8 ildən 25 ilə qədər həbs cəzası gözləyir.
Prokurorluğun araşdırması, başındakı əməliyyatdan sonra 11 noyabr 2020-ci il tarixindən etibarən evdə müalicə alan argentinalı futbolçunun ətrafında baş verən hadisələrə mərkəzləşib. Dünya çempionu 25 noyabr 2020-ci ildə 60 yaşında vəfat edib. Ölümə səbəb kimi ağciyərlərin ödeminə gətirib çıxaran kəskin ürək çatışmazlığı göstərilib.